Almaniya mərkəzli şirniyyat nəhəngi Haribo, Hollandiyada satılan bəzi məhsullarında dərman izləri aşkar edildikdən sonra ehtiyat tədbiri olaraq ölkədəki bütün ehtiyatlarını geri çağırıb.
Elchi.az xəbər verir ki, Hollandiyanın Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) bir ailənin bir çox üzvlərinin 1 kiloqramlıq Haribo Happy Cola F!ZZ konfetlərindən istifadə etdikdən sonra özünü pis hiss etdiyini bildirdi. Başgicəllənmə şikayətlər arasında idi.
Müayinələrdə şirniyyatlardan götürülmüş nümunələrdə çətənə maddəsinin olduğu təsdiqlənib. NVWA-nın sözçüsü bu günə qədər üç paketdə narkotik tapıldığını açıqladı. Bununla belə, Haribo bütün məhsullarını geri çağırmaq qərarına gəlib.
Sözügedən paketlərin son istifadə tarixi 2026-cı ilin yanvar ayı olaraq göstərilib. İndiyə qədər nə qədər insanın təsirləndiyi bəlli deyil.
Hollandiya mətbuatı xəbər verir ki, polis sirrin məhsullara necə daxil olduğunu araşdırır. NVWA tərəfindən edilən şərhdə, “İstehlak edildikdə başgicəllənmə kimi sağlamlıq şikayətlərinə səbəb ola biləcək məhsulların dövriyyədə olduğu” vurğulanmış və “Bu konfetləri istehlak etməyin” xəbərdarlığı edilmişdir.
Məhsulların orijinal Haribo və ya saxta olması hələ ki, bəlli deyil.
Haribo BBC-yə bildirib ki, hadisə ciddi şəkildə qəbul edilir və polislə çirklənmənin necə baş verdiyi araşdırılır.
Şirkət yalnız Hollandiyadakı məhsulların geri çağırıldığını və digər ölkələrdəki məhsulların təhlükəsiz olduğunu bildirib.
Şayəstə Hüseynova


















