Avqust ayından bəri İndoneziyanın meşə və torpaq yanğınlarından zərər çəkmiş ərazilərində 175 000-ə yaxın kəskin tənəffüs yolu infeksiyası halı qeydə alınıb.
Elchi.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Avqustun 18-dən sentyabrın 21-dək altı əyalətin zərərçəkmiş 63 rayonunda 175 000 kəskin tənəffüs yolu infeksiyası (KTI/ISPA) faktı müəyyən edilib”, – deyə nazirliyin rəsmi nümayəndəsi Berton Pancaytan çərşənbə günü “Anadolu” agentliyinə bildirib.
“Bunlardan 40 363-ü beş yaşadək uşaqlar arasında qeydə alınıb”, —-deyə o əlavə edib.
Meşə yanğınları artıq bir neçə aydır ki, tüğyan edir. İyun ayından davam edən quraq hava şəraiti onların Sumatra və Kalimantan adalarında yayılmasına şərait yaradır.
İndoneziya Müdafiə Nazirliyinin məlumatına görə, Yaponiya da Kalimantan adasında havadan suatmanın təşkili və yanğınların söndürülməsi əməliyyatlarına kömək etmək üçün üç “CH-47 Chinook” helikopteri və helikopter heyətləri də daxil olmaqla təxminən 180 hərbçi göndərib. Yaponiya qüvvələri Dəniz Özünümüdafiə Qüvvələrinə məsub “JS Kunisaki” gəmisi vasitəsilə əraziyə köçürülüb.
İndoneziyadakı yanğınlar səbəbindən geniş tüstü dumanı yaranıb ki, bu da havanın keyfiyyətinin kəskin pisləşməsinə gətirib çıxarıb. Duman qonşu Malayziya və Sinqapura da çatıb.
Məryəm





















