Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgidə Qarabağın tarixi və təbii landşaftını əks etdirən 11 rəsm nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan senator Q.Kuevas sərginin dünyada mədəni müxtəlifliyə və sivilizasiyalararası dialoqa dəstəyin nümayişi və xalqlarımız arasında mədəni körpü olduğunu bildirib.
Sərgi iştirakçılarını salamlayan Azərbaycanın Meksikadakı səfiri İ. Muxtarov bu tədbirin Azərbaycan və Meksika mədəniyyətlərinin yaxınlaşmasına xidmət etməklə yanaşı, ikitərəfli əlaqələrimizin inkişaf göstəricisi olduğunu diqqətə çatdırıb. Əslən Qarabağdan olan və hazırda ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevin rəsm əsərlərindən ibarət sərgini açmaqdan fəxarət hissi duyduğunu qeyd edən səfir, onun doğma torpağına olan sevgi və duyğularının bu rəsmlərdə ustalıqla canlandırılan dağ və dərələrin təsvirində təzahür etdiyini diqqətə çatdırıb. Qarabağın təkcə təbii deyil, böyük mədəni zənginliklərə malik olduğunu qeyd edən səfir, bölgənin məşhur muğam və xalçaçılıq sənəti, habelə şair, yazıçı, rəssam və bəstəkarlar diyarı olduğunu diqqətə çatdırıb.
Azərbaycanın tarixi torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyona yaxın əhalisinin qaçqın və məcburi köçkünə çevrildiyini xatırladan səfir, münaqişənin sülh yolu ilə həllinə ümidlə yanaşmanın insan təbiətinin təzahürü olduğunu bildirib.
Daha sonra çıxış edən Senatın vitse-prezidenti Xose Rosas Arispuro belə tədbirlərin ölkələrimiz arasında ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına müsbət zəmin yaratdığını diqqətə çatdırıb. O, bu tədbirin ikitərəfli əlaqələrimizin inkişafına dəstək məqsədlərinə xidmət etdiyini qeyd edərək, sərginin zəngin tarixi və mədəniyyəti olan xalqlarımız arasında bir mədəni mübadilə və əməkdaşlığa töhfə nümunəsi olduğunu diqqətə çatdırıb.
Sonra sərginin açılış mərasimi keçirilib və tədbirdə iştirak edən senatın vitse-prezidenti və 10 nəfər senatorun iştirakı ilə birgə açılış lenti kəsilib. Rəsmlər oktyabrın 31-dək Senatda sərgilənəcək. Tədbirdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxinə aid kitab və broşurlar sərgilənib, Azərbaycan və Meksika milli mətbəxi nümunələrindən ibarət ziyafət verilib.