Manat azı 4 il neft dollarlarına bağlı olacaq

9

2023-cü ildə Azərbaycanın qeyri-neft ixracının 3 milyard ABŞ dolları ötəcəyi gözlənilir. Bu məbləğ, Mərkəzi Bankda keçirilən valyuta hərraclarında satılan illik vəsaitdən də azdır.

Məsələn, 2019-cu ilin 9 ayı ərzində Dövlət Neft Fondu tərəfindən 4 milyard 512 milyon 850 min dollar məbləğində vəsait satılıb.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, “Xarici ticarətin genişləndirilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, bu ilin 8 ayı ərzində qeyri-neft ixracımız 15 faiz artıb. Gələn il bu göstəricinin 20 faiz təşkil edəcəyi, 2023-cü ildə 3 milyard ABŞ dollarını ötməsi gözlənilir”,- rəsmi mətbuata müsahibəsində bildirib.

Şahin Mustafayev Rusiya ilə ticarət əməkdaşlığına dair bildirib ki, ötən il ölkələrimiz arasında ticarətin həcmi 2,5 milyard ABŞ dolları təşkil edib: “Bu sahədə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3 milyard dollara çatacağını söyləməyə tam əsas yaradır”.

İXRACIN 90%-DƏN ÇOXU NEFT VƏ QAZ İLƏ BAĞLIDIR

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-avqust ayında Azərbaycanın ixracının dəyəri 13 milyard 520 milyon dollar təşkil edib. İxracın 10 milyard 458 milyon dollarını və ya 77,4%-ni xam neft, 1 milyard 421 milyon dollarını və ya 10.5%-ni təbi qaz, 335 milyon dollarını və ya 2,5%-ni neft məhsulları təşkil edib. /”Marja”