Macarıstanın xarici işlər naziri Peter Szijjarto Rusiya baş nazirinin müavini Aleksandr Novakla telefon danışığında Budapeşt dinc atom sahəsində Rusiyaya qarşı sanksiyaların qarşısını almağa davam edəcəyini deyib. Elchi.az xəbər verir ki, bu barədə macar nazir özünün Facebook səhifəsində məlumat verib.
“Macarıstanın enerji təhlükəsizliyi baxımından yeni nüvə potensialına ehtiyac olduğundan, hökumət nüvə sənayesinə zərbə vuran istənilən sanksiya istəklərinin qarşısını almağa davam edəcək”, – deyə o, rusiyalı həmkarı ilə yeni nüvə potensialının tikintisini də müzakirə etdiyini qeyd edib. Qeyd edək ki, bundan əvvəl Polşa və Litva Rusiyanın nüvə enerjisinə məhdudiyyətləri Avropa İttifaqının onuncu sanksiyalar paketinə daxil etməyi təklif etmişdi. Varşava və Vilnüs daha bir neçə kredit təşkilatını SWIFT sistemindən ayırmaqla Rusiya mediasına və banklarına qarşı sanksiyaları genişləndirməyi də təklif edir.
Havar Şəfiyeva