Macarıstanlı kinorejissor, ssenarist və prodüser Bela Tarr vəfat edib. O, 2025-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı Laslo Krasnahorkainin əsərləri əsasında çəkdiyi filmlərlə tanınırdı.
Elchi.az xəbər verir ki, Macarıstan Kinematoqrafçılar Assosiasiyasının məlumatına görə, Tarr “uzun sürən və ağır xəstəlikdən sonra” 70 yaşında dünyasını dəyişib.
Tarr 1955-ci ildə Peç şəhərində teatr ailəsində anadan olub. Budapeşt Teatr və Kino Sənəti Akademiyasını “rejissorluq” ixtisası üzrə bitirdikdən sonra kinoda fəaliyyətə başlayıb. 1987-ci ildən etibarən Krasnahorkai ilə əməkdaşlıq edib və onun romanları və ssenariləri əsasında bir neçə film çəkib. Bunlara “Lənət” (1988), “Şeytani tanqo” (1994) və “Verkmayster harmoniyaları” (2000) daxildir.
Son bədii filmi olan “Turin atı”nı Tarr 2011-ci ildə yenə Krasnahorkainin ssenarisi əsasında çəkib. İnsan varlığı problemlərini qaldıran bu ağ-qara film 61-ci Berlin Beynəlxalq Kino Festivalında münsiflər heyətinin mükafatı olan “Gümüş ayı”ya layiq görülüb.
1981–1990-cı illərdə Tarr Macarıstanın əsas kinostudiyası Mafilm-in direktoru olub. 2011–2023-cü illərdə Macarıstan Kinematoqrafçılar Assosiasiyasına rəhbərlik edib, daha sonra isə onun fəxri direktoru seçilib. Tarr Macarıstanın dövlət mükafatları ilə təltif olunub, mədəniyyət, ədəbiyyat və incəsənətdə görkəmli nailiyyətlərə görə verilən Layoş Koşut mükafatının laureatı olub. Nüfuzlu britaniyalı “Sight and Sound” kino jurnalının kinotənqidçilər arasında keçirdiyi sorğulara əsasən, o, dünyanın ən yaxşı kinorejissorları sırasında yer alıb.
Məryəm





















