Mərakeşdə güclü zəlzələ baş verib

102

Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Cəbəllütariq, Mavritaniya, Mərakeş, Portuqaliya, İspaniya və Əlcəzairdə də hiss olunub.
Elchi.az xəbər verir ki, Mərakeş Milli Geofizika İnstitutu ölkədə baş verən zəlzələnin 7 bal gücündə olduğunu açıqlayıb. İnstitutdan verilən açıqlamada, 8 kilometr dərinlikdə baş verən 7 bal gücündə zəlzələnin episentrinin ölkənin şimalındakı Əl-Huz bölgəsi olduğu bildirilib.
Mərakeşin Kanal 1 Televiziyası zəlzələnin bir çox şəhərdə dağıntılara səbəb olduğunu bildirib.
“El-Yevm 24” xəbər saytı zəlzələ zamanı Mərakeş şəhərində bəzi binaların dağıldığını bildirib.
Zəlzələdən sonra küçələrə çıxan insanların və binaların uçduğu anların görüntüləri sosial media platformalarında paylaşılıb.
Yerli qəzetlər Mərakeşdə yerli vaxtla saat 23:10 radələrində baş verən zəlzələnin paytaxt Rabat başda olmaqla Kasablanka, Meknes və Fes şəhərlərində hiss edildiyini yazıb.
Yerli mətbuatın ilkin məlumatında zəlzələnin 6,8 bal gücündə olduğu bildirilsə də, Almaniya Seysmologiya Mərkəzi zəlzələnin maqnitudasının 7 bal olduğunu açıqlayıb.

Nuranə Məmmədova