1828-1910-cu illərdə yaşayan böyük rus yazıçısı Lev Tolstoyun əsas axtarışlarından biri də həyatla bağlı suallara cavab tapmaq idi. “Həyatın mənası nədir?” sualı üzərində Tolstoy da çox düşünüb: “Həyatla bağlı suallara cavab axtara-axtara mən eynilə meşədə azmış insanın keçirdiyi hissləri keçirirdim. Talaya çıxıb ağaca dırmaşıram və sonsuz ənginliyi açıq-aydın görürəm. O ənginlikdə ev filan yoxdur. Heç ola da bilməz. Meşənin qalın yerinə qaranlıq ağaclığa girirəm, zülməti görürəm. Yenə də ev yoxdur ki, yoxdur. Beləcə, mən bəşər biliyi meşəsində qarşımda aydın, ancaq hər hansı evin ola bilməyəcəyi üfüqlər açan riyazi və təcrübi elmlərin yaydığı işıqla irəlilədikcə qaranlığına daha çox daldığım, daldıqca da çıxa bilməyəcəyimə əmin olduğum mücərrəd elmlərin zülməti arasında azıb qalmışdım. İşıq saçan elmlərə meyilləndikcə anlayırdım ki, özümü sualdan yayındırıram. Eynimi açan üfüqlər nə qədər aydın, cəlbedici görünsə də, bu elmlərin dərinliyinə varmaq nə qədər cazibəli olsa da, artıq başa düşürdüm ki, bu elmlər mənə aydınlaşdıqca bir o qədər lazımsızlaşır, sualıma bir o qədər az cavab verir. Bilirəm, öz-özümə deyirdim. Elmin bunca inadla öyrənməyə çalışdığı hər şeyi bilirəm. Ancaq bu yolda həyatın mənası sualına cavab yoxdur. Mücərrəd elmlər sahəsində isə anlayırdım ki, biliyin məqsədi mənim sualıma cavab vermək olmasına rəğmən, yaxud məhz cavab verməyə yönəldiyinə baxmayaraq, “həyatımın mənası nədir” sualına mənim öz-özümə verdiyim cavabdan başqa cavab yoxdur – heç nə. Həmçinin: mənim həyatımın nəticəsi nə olacaq? – heç nə. Yaxud: bütün varlıqlar nə üçün mövcuddur? Mən nə üçün varam? Çünki varsınız. Bəşər elmlərinin bir qisminə sual verərkən ulduzların kimyəvi tərkibi, günəşin Herakl bürcünə doğru hərəkəti, növlərin və insanın mənşəyi, son dərəcə kiçik atomların formaları və elə o qədər də kiçik, çəkisiz efir hissəciklərinin titrəyişi kimi məni maraqlandırmayan mövzularda sonsuz sayda dəqiq cavab alırdım. Ancaq bu elm sahələrinin mənim “həyatımın mənası nədir?” sualıma cavabı bir idi: Sənin öz həyatın adlandırdığın şey, zərrəciklərin təsadüfi və müvəqqəti birləşməsidir. Bu zərrəciklərin qarşılıqlı təsiri və dəyişməsi sənin mənim həyatım adlandırdığın şeyi ortaya çıxarır. Bu birləşmə müəyyən müddət davam edəcək, sonra hissəciklərin qarşılıqlı təsiri kəsiləcək və sənin həyatın adlandırdığın şey də sona yetəcək. Verdiyin sualları da daha verməyəcəksən. Sən bir-birinə təsadüfən yapışmış nələrdənsə ibarət yığınsan. Bu yığın çürüyür və çürüməni öz həyatı hesab edir. Yığın dağılıb qurtardıqdan sonra çürümə də bitəcək, suallar da. Elmlərin işıqlı tərəfi bu suala belə cavab verir və öz prinsiplərinə sadiq qalarsa, başqa heç nə deyə bilmir. Belə vəziyyətdə ortaya çıxan bir şey var: verilən cavab suala uyğun deyil. Mənə həyatımın mənasını bilmək lazımdır, bu həyatın sonsuzluqdan bir hissəcik olması ona heç bir məna qazandırmır, üstəlik, hər hansı mümkün mənanı məhv edir. Təcrübi, dəqiq elmlərin mücərrəd elmlərlə girişdiyi, həyatın mənasının inkişafdan və bu inkişafa töhfə verməkdən ibarət olduğunu söyləyən qeyri-müəyyən iş birliyi öz qeyri-dəqiqliyi, qeyri-müəyyənliyi səbəbindən cavab sayıla bilməz. Elmlərin digər sahəsi olan mücərrəd elmlər öz prinsiplərinə sadiq qaldığı halda, bu suala həmişə, əsrlər boyu eyni cavabı verib və indi də eyni sözü deməkdədir: “Dünya sonsuz və anlaşılmaz bir şeydir. İnsan həyatı isə bu dərkedilməz “bütöv”ün dərkedilməz hissəsidir. Burada yenə də mücərrəd elmlərlə təcrübi elmlər arasındakı boşluğu dolduran natamam elmlərdən – hüquqi və siyasi elmlərdən, eləcə də, tarix elmindən ibarət aralığı saymıram. Bu elmlərdə də inkişaf və təkmilləşmə anlayışları yanlış təqdim edilir. Yalnız bircə fərq var ki, digər sahələrdə hər şeyin inkişafı əsas götürülür, burada isə insanların. Yanlışlıq isə eynidir: sonsuzluq daxilində inkişaf və təkmilləşmənin nə məqsədi, nə də istiqaməti ola bilər və mənim sualımla bağlı heç bir cavab vermir. O yerdə ki, mücərrəd elm dəqiqdir, sualın mahiyyətini nəzərdən qaçırmayaraq cavab verir, həmin halda cavab həmişə eynidir – Sokrat da, Şopenhauer da, Süleyman da, Budda da eyni söz söyləyiblər. Söhbət Şopenhauerin professor fəlsəfəsi adlandırdığı, bütün mövcud təzahürləri yeni fəlsəfi sütunlara görə bölərək onları yenidən adlandırmağa xidmət edən fəlsəfədən yox, yalnız həqiqi fəlsəfəyə uyğun cavabdan gedir. Ölümə hazırlaşarkən Sokrat deyir: “Həqiqətə yalnız həyatdan uzaqlaşdığımız qədər yaxınlaşa bilərik. Biz, həqiqəti sevənlər olaraq, həyatda nəyə can atırıq? Bədəndən və ondan irəli gələn bütün pisliklərdən azad olmağa. Elə isə ölüm qapımızı döyəndə niyə sevinməyək ki?” “Müdrik insan bütün ömrü boyu ölümü axtarır. Ona görə də ölüm ona qorxulu deyil”. Şopenhauer deyir: “Dünyanın daxili mahiyyətinin iradə olduğunu və bütün təzahürlərin – təbiətin qaranlıq güclərinin şüursuz hərəkətindən tutmuş, insanın şüurlu fəaliyyətinədək – yalnız bu iradənin predmetləri olduğunu qəbul etdikdə, biz iradənin öz-özünü inkar etməsi, özünü məhv etməsi ilə bütün mahiyyətin yox olacağı faktından qaça bilmərik. Daimi həvəslərlə, dünyanı təşkil edən obyektlərin bütün pillələrinə göstərilən məqsədsiz və aramsız maraqla birlikdə ardıcıl formaların müxtəlifliyi, bu formalarla birlikdədirsə, onun öz ümumi formaları ilə meydana çıxmış bütün təzahürləri – məkan da, zaman da yox olacaq. Ən sonda isə onun əsas forması subyekt və obyekt aradan qalxacaq. İradə yoxdursa, təsəvvür də yoxdur, dünya da. Təbii ki, qarşımızda heç nə qalmır. Ancaq bu heçliyə doğru gedişə qarşı çıxan bir şey var – bizim təbiətimizdə olan, varlığımızı, dünyamızı təşkil edən yaşamaq iradəsi, var olmaq arzusu. Heçlikdən qorxmağımız və yaşamaq istəməyimiz yalnız onu deyir ki, biz elə bu yaşamaq istəyindən ibarətik və ondan başqa heç nə bilmirik. Ona görə də bu iradənin tam məhvindən sonra, biz bu iradə ilə dolu olduğumuzdan bizə qalan, təbii ki, heç nədir. Əksinə, iradənin, arzunun üz döndərdiyi insanlar üçün isə bizim bu qədər real olan dünyamız da, onun günəşləri də, süd yolları da heç nədən ibarətdir”. “Heçliyin heçliyi”, – deyir Süleyman, – heçliyin heçliyi, hər şey heçdir! İnsanın günəş altında işləyərək çəkdiyi əziyyətlərin ona nə faydası var? Bir nəsil gedir, başqa nəsil gəlir, yer isə əsrlərlə varlığını qoruyur. Nə olub, o da olacaq. Nə edilibsə, o da ediləcək. Yer üzündə heç bir yenilik yoxdur. Hərdən elə şeylər olur ki, baxıb deyirlər: “bax, bu yeni bir şeydir”. Ancaq o da artıq bizdən əvvəlki əsrlərdə olub. Keçmişdən xatirə qalmayıb. Elə olacaqlar barədə də gələcəkdə yaşayacaq insanlar heç nə xatırlamayacaqlar. Mən vaiz, Qüdsdə İsrailin şahı olmuşam, qəlbimi yer üzündə baş verənləri müdrikliklə öyrənməyə, təcrübədən keçirməyə sövq etmişəm. Allah bu ağır zəhməti insan övladına verib ki, ona alışsın. Mən yer üzündə baş verən hər şeyi görmüşəm və budur, deyirəm: hər şey boşdur, ruh əzabdır… Ürəyimdə öz-özümə deyirdim: budur, ucalığa çatmışam, məndən qabaq Qüdsdə hakim olanların hamısından çox müdriklik əldə etmişəm, sinəm müdrikliklə, biliklə doludur. Qəlbimi müdrikliyi, ağılsızlığı və səfehliyi dərk etməyə yönəltmişəm, ən sonda da öyrəndiyim o olub ki, bu, ruhun çəkdiyi əzabdır. Çünki insan müdrikləşdikcə kədəri də dərinləşir. Elmini artıran qüssəsini artırır. Ürəyimdə öz-özümə deyərdim: qoy səni sevinclə sınayım, xeyirdən həzz alım. Ancaq bu da mənasızdır. Gülməyin səfeh bir iş olduğunu düşünürdüm, bəs sevinc? O nə deməkdir? Özlüyümdə bədənimə şərabla həzz vermək, qəlbimə müdriklik hakim ikən, səfehlik etmək fikrinə düşdüm. Ta insan övladı üçün nəyin yaxşı olduğunu, onun səma altında yaşadığı sayılı günlərdə nə etməli olduğunu bilənədək. Böyük işlər gördüm: özümə evlər tikdim, üzümlüklər, bağlar saldım, çuxur qazaraq hər cür meyvə ağacları əkdim, ağacların bitdiyi bu bağları sulamaq üçün süni göllər düzəltdim, kişi və qadın qulluqçular aldım. Həm iri, həm də kiçikbuynuzlu mal-qaram mənədək Qüdsə hakim olmuş hökmdarların hamısının mal-qarasından çox idi. Şahlardan, əyalətlərdən özümə gümüş, qızıl, cavahirat yığdım. Qadın və kişi müğənnilər, insana həzz verən müxtəlif musiqi alətləri əldə etdim. Məndən əvvəl Qüdsdə yaşayanların hamısından varlı, hamısından qüdrətli oldum. Müdrikliyim də məni tərk etməmişdi. Gözümün gördüyü, könlümün istədiyi hər şeyi əldə edir, özümə heç bir şadlığı əsirgəmirdim. Ancaq sonra gördüyüm bütün işlərə, çəkdiyim zəhmətə baxıb gördüm ki, hər şey heçdir, ruha əzab verir. Yer üzündə bunların insana heç bir faydası yoxdur. Dönüb müdrikliyə, ağılsızlığa, səfehliyə nəzər saldım. Ancaq öyrəndim ki, onların hamısının aqibəti birdir. Öz-özümə dedim: əgər məni də səfehlərin aqibəti haqlayacaqsa, onda niyə belə müdrik olmuşam ki? Ürəyimdə dedim: bu da boş şeydir. Çünki səfeh adam kimi, müdrik adamı da əbədi xatırlamayacaqlar. Gələcəkdə hər şey unudulacaq. Təəssüf ki, müdrik adam da səfeh kimi ölür! Bundan sonra həyata nifrət etdim, çünki mənim üçün yer üzündə görülən işlərin bir dəyəri qalmadı. Necə də olsa, hər şey boşdur və ruhun çəkdiyi əziyyətdir. Günəş altında işləyərək çəkdiyim əziyyətə də nifrət etdim, çünki onu məndən sonra yaşayan adama verməliyəm. Axı insan gördüyü bütün işlərdən, çəkdiyi qayğılardan, əziyyətdən nə əldə edir? Çünki həyatının hər günü kədər, gördüyü işlər narahatlıqla keçir. Hətta gecələr də ürəyi rahatlıq tapmır. Amma bütün bunlar boş heçlikdir. Çəkdiyi zəhmətlə yeyib-içərək öz könlünü açmaq səadəti insanın əlində deyil. Hər şeyin, hər bir kəsin aqibəti eynidir – möminin də, kafirin də, yaxşının da, pisin də, təmizin də, çirklinin də, qurban verənin də, verməyənin də. Əməlisaleh adamı da, günahkarı da, and içəni də, and içməkdən qorxanı da eyni aqibət gözləyir. Bu belədir və yer üzündə baş verən hər şeydə yamanlıq var, çünki hər şeyin sonu birdir. İnsan övladlarının qəlbi yamanlıqla dolub. Qəlblərində və həyatlarında dəlilik var. Öldükdən sonra da ölülərə qarışır. Kim ki hələ sağdır, ümidi var, çünki ölü aslan olmaqdansa, diri it olmaq yaxşıdır. Sağlar bilirlər ki, öləcəklər, ölülər isə heç nə bilmirlər. Onların nə mükafatı, nə cəzası var, çünki onların xatirəsi də unudulub yaddan çıxır. Sevgiləri də, nifrətləri də, qısqanclıqları da artıq yox olub. Yer üzündə gördükləri heç bir işə görə onların adı əsrlərlə hörmətlə xatırlana bilməz”. Bax, Süleyman, ya da bu sözləri kim yazıbsa, o belə deyir. Hind müdrikliyi isə belə nəql edir: “Xəstəlik, qocalıq və ölümdən bixəbər gənc, xoşbəxt bir şahzadə olan Sakia-Muni bir gün gəzintiyə çıxır və dişi tökülmüş, ağzının seliyi axan bədheybət bir qoca görür. O vaxtadək qocalığın nə olduğunu bilməyən şahzadə heyrət edərək arabaçını sorğu-suala tutur ki, bu nədir, necə olub ki, bu insan yazıq, çirkin, eybəcər hala düşüb. Bu görkəmin bütün insanların alın yazısı olduğunu, onun özünün də bu alın yazısını gözlədiyini öyrənəndə isə gəzmək həvəsi yox olur və bu barədə düşünmək istədiyi üçün, əmr verir ki, geri dönsünlər. Qayıtdıqdan sonra təkliyə çəkilib dərin düşüncəyə dalır və yəqin ki, nə iləsə özünə təskinlik verir. Çünki yenə şən-xoşbəxt gəzməyə çıxır. Ancaq bu dəfə də qarşısına bir xəstə çıxır. O vaxtadək xəstəliyin nə olduğunu bilməyən şahzadə halsız, rəngi göyərmiş, gözləri soluqmuş, titrəyən adamı görəndə dayanıb o adama nə olduğunu soruşur və bunun xəstəlik olduğunu, bütün insanların xəstələndiyini, sağlam və xoşbəxt şahzadənin özünün də sabah xəstəliyə yoluxa biləcəyini öyrənəndə yenə şənlənməyə həvəsi qalmır, əmr edir ki, geri dönsünlər. Yenə dinclik tapmağa, sakitləşməyə çalışır və çox güman ki, nədəsə o dincliyi tapır. Çünki üçüncü dəfə də gəzintiyə çıxır, ancaq bu dəfə də yeni bir vaqiə ilə rastlaşır: görür ki, nə isə aparırlar. Soruşanda isə cavab verirlər ki, bu, ölü adamdır. Ölmək nədir? – Şahzadə soruşur. Ona başa salırlar ki, ölü olmaq bu adamın vəziyyətinə düşməkdir. Şahzadə ölüyə yaxınlaşıb üzünü açaraq ona baxır və soruşur: onu nə edəcəklər? Ona deyirlər ki, bütün ölülər kimi onu da basdıracaqlar. Niyə? Ona görə ki, o da heç vaxt canlanmayacaq və ondan geriyə yalnız qurdlar, bir də üfunət qalacaq. Bu, hamının qismətidir? Mən də belə olacağam? Məni də basdıracaqlar, məndən də üfunət iyi gələcək, qurd məni də yeyəcək – deyə Şahzadə soruşur. – Hə. Geri dönün! Gəzməyə getmirəm, daha heç vaxt da çıxmayacağam. Bundan sonra Sakia-Muni heç cür təskinlik tapa bilmir. O, belə qərara gəlir ki, həyat ən böyük bədbəxtlikdir və bütün ömrünü, özünü də, başqalarını da ondan xilas etməyə sərf edir. Həm də elə bir yolla ki, öldükdən sonra da həyat hansısa şəkildə təzələnməsin, tamamilə kökündən məhv olsun. Bunu hind müdrikləri danışır. İndi də müdrik insanların həyat sualına verdikləri birbaşa cavablara baxaq. “Bədəndəki həyat bədbəxtlik və yalandan ibarətdir. Ona görə də bu həyatın məhv edilməsi səadətdir və biz onu arzulamalıyıq” – deyir Sokrat. “Həya olmamalı olan bir şeydir – bədbəxtlikdir. Heçliyə keçid həyatın səadətidir” – deyir Şopenahuer. “Dünyada hər şey – səfehlik də, müdriklik də, var-dövlət də, yoxsulluq da, sevinc də, kədər də boş şeydir – heç nədir. İnsan ölür və ondan geriyə heç nə qalmır. Bu da mənasızdır” – deyir Süleyman. “Əzabların, zəifliyin, qocalığın və ölümün qaçılmaz olduğunu dərk edərək yaşamaq olmaz. Ona görə də həyatdan, həyatın hər hansı mümkün işartısından xilas etmək lazımdır”. Bu da Buddanın söylədikləri. Bu ağıl dəryalarının dediklərini onlara bənzər milyonlarla insan söyləyib, düşünüb, hiss edib. Elə mən də belə hiss edir, belə düşünürəm. Ona görə də mənim elmim məlumatlar içində azmağım ümidsizlikdən çıxmağıma kömək etmədi. Bir elm sahəsi həyatla bağlı suallara cavab vermir. Digəri isə elə cavab verir ki, bu cavabı ilə mənim ümidsizliyimi təsdiq edir və göstərir ki, mənim qənaətim azaraq gəldiyim nəticə deyil, heç xəstə düşüncənin məhsulu da deyil. Əksinə, o, mənim düzgün düşündüyümü, elə bəşər təfəkkürünün ən uca zirvələrinin dedikləri də mənim gəldiyim nəticəyə uyğun olduğunu təsdiqləyir. Özünü aldatmalı bir şey yoxdur. Hər şey boşdur, heçlikdir. O kəs xoşbəxtdir ki, heç doğulmayıb. Ölüm həyatdan yaxşıdır. Ona görə də ondan qurtulmaq lazımdır”.
Emil Bağırov
(kult.az)