Şahin Nəcəfov əlavə edir: “2005-ci ildən sonra vəziyyət elə gətirdi ki, ya gərək qalıb oyun oynayasan, ya da uzaqlaşasan. Mən də uzaqlaşdım. Həm də siz bilsəniz ki, mənim nə qədər ağıllı danalarım, itlərim var, buraya niyə gəlməyimlə bağlı sualı mənə verməzdiniz”.
Ş.Nəcəfov siyasətlə bağlı söhbəti burada yekunlaşdırıb bizə təsərrüfatını göstərməyə başlayır. İnəklər, toyuqlar, qazlar, həmçinin üç böyük it təsərrüfatın bir hissəsidir. Bir qədər uzaqda atları və daha böyük itləri də var. Həmçinin heyvanları, quşları yemlə təmin etmək üçün əkin yerləri var: “Buranı 2006-cı ildən qurmağa başladım, çoxlu çətinliklərim oldu. Təkcə iki il qaz çəkilməsi üçün çalışdım. Üstəlik, təcrübəsizlikdən çoxlu ziyanım oldu. İndi vəziyyət babatdır, gələcəklə bağlı da ümidlər var. Buraya gəlib öyrəndim ki, kəndlinin əkinlə, heyvandarlıqla bağlı məlumatı çox azdır. Ona bilgi verilməli, dövlət tərəfindən dəstək göstərilməlidir. Məsələn, araşdırılmalıdır ki, bağında hansı ağacı əksə, məhsuldarlıq bol olar, hansı heyvanı saxlaya bilər, şəraitə uyğundur və sair”.
Sahibkar bu sahəyə dövlət dəstəyinin olmasının vacibliyini söhbət zamanı bir neçə dəfə vurğulayır:“Məsələn, dövlət sahibkara kiçik konteynerlər verə bilər, mini soyuducu depolar, mini emal müəssisələri verilməlidir. Bunu fermer özü alsa, böyük xərcdir, amma dövlət dəstək verə bilər. Heç olmasa, bir neçə fermerə bir bu cür aparat verilsə, icmalar da yaranmış olar. Fermer də bazara normal şəkildə təmiz məhsul çıxara bilər. Dövlət bununla bağlı qeyri-hökumət təşkilatları vasitəsilə qrantlar ayıra bilər. Avropada regionların əsas inkişafı, 70 faizi ailə-fermer təsərrüfatlarının üzərində qurulub. Dövlət o icmaların birləşməsinə maraq yaratmalıdır. Ümumiyyətlə, fermer haqqında qanuna yenidən baxmaq lazımdır. Hansısa bir həcm müəyyənləşsin ki, neçə hektar əkin sahəsi olan fermer sayılmalıdır. O zaman fermerlər sahələrini böyüdüb böyük təsərrüfatlar quracaqlar. Çünki bir neçə hektarla heç vaxt nəticə əldə etmək olmaz. Üstəlik, fermer özü malını aparıb bazarda satmamalıdır, satsa, ziyan edəcək. Bunun üçün icmaların yaradılması vacibdir”.
Ş.Nəcəfovun fermasındakı danaların bir neçəsi cins danalardır, bir neçə inək süni şəkildə mayalandırılıb və doğulan balaya görə dövlət yüz manat da pul verəcək. Heyvandarlıq kompleksləri gedib qıraqdan heyvan alırlar: “İndiyə qədər ölkədə heyvandarlıqda cins dəyişdirmə böyük faizlə olmalı idi, amma nəticə olmayıb. Bu neçə ildə Azərbaycanın heyvandarlıq sistemində 70-80 faiz dönüş əldə olunmalı idi. Cins heyvanların ət və süd məhsuldarlığı böyükdür. Hökumət isə xaricdən inəyi baha qiymətə alır və gətirib fermerə satır. Bu, sərfəli üsul olmasa da, kimlərsə bunda maraqlıdır. Gedib 3-4 min avroya xaricdən inək alırlar. Bunun 50 faizini dövlət qarşılayır, 50 faizini də fermer ödəyir. Fermerə verilən inək 7-8 ay sonra balalayır, bu vaxta qədər ayda ona yüz manatlıq yem vermək lazımdır. Bu, fermerə sərf etmir. Çünki bu pula bazardan yanı balalı inək almaq mümkündür. Yəqin kimlərinsə marağındadır xaricdən bunu gətirməyin. Hansı yeyintilər var, Allah bilir. Bu gün Azərbaycanda kifayət qədər yaxşı və böyük fermer təsərrüfatları formalaşıb. Dövlət həmin damazlıq heyvanları onlardan alıb, kəndliyə, fermerə satsa, daha yaxşı olar. Həm ucuz başa gələr, həm valyuta ölkədən qırağa getməz, fermerlərə verilər, yerli təsərrüfatlar inkişaf edər, alan fermer üçün də ucuz başa gələr. O heyvanlar yerli şəraitə adaptasiya etmiş heyvanlar olurlar, xəstəliyə dözümlü olurlar. Amma xaricdən gələn heyvanlarda itkilər çox olur”.
O, “Aqrolizinq” tərəfindən verilən kənd təsərrüfatı texnikalarının 40 faizinin dövlət tərəfindən qarşılandığına da diqqət çəkir: “Bu, fermerə çox böyük dəstək oldu, real dəstək oldu. İndi Sahibkarlara Yardım Fondundan kreditlər verilir. Hamının bildiyi həqiqətdir ki, bunun ”şapkası” var, nağdlaşması var, bir iş qursan, verilən rüşvət var. Yəni bu fonddan alınan pulun böyük hissəsi sahibkara çatmır, müəyyən adlar altında onun əlindən alınır. Ona görə bu kreditləri geri qaytarmaqda problem yaranır. Bu, etiraf edilməli və sahibkara bu sahədə də dəstək verilməlidir. Sahibkar o pulun 20-25 faizini itirib, geri qaytarmağa çətinlik çəkir”.
Ş.Nəcəfov əkilməyən torpaqların problemindən də söz açır: “O torpaqların bir hissəsi məmurlar tərəfindən zəbt olunub. Bir hissəsi isə böyük vəsaitlər itirilərək atılmış torpaqlardır. O torpaqlarda böyük vəsaitlər itirilib, sahibkar işdən soyuyub, pul qoyub, itirib. Sahibkar bir il, iki il əkir, mənfəət görmür, axırda məcbur olub geri çəkilir. Birinci növbədə fikirləşmək lazımdır ki, yerli iş adamlarına dəstək verilsin, onlar pul qazansınlar. Amma bizdə istənilən addımda elə bil iş adamı düşmən qüvvədir. Belə düşüncə var ki, onu necə edək, xərcə salaq. Hər bir addımda bir baryer yaradılar, adi Milli Məclis qanunlar qəbul edir, iş adamları üçün xüsusi ödəniş həddi, qiymət qoyurlar. Bu gün kənd təsərrüfatında çox gözəl, brend olacaq məhsullar var, onları yetişdirmək üçün sahibkara kömək etmək lazımdır”. Problemlərə rəğmən, fermer gələcək planlarından da söz açır- ekoturizm zonası yaratmaq, şəhərdən gələnlərə kiçik çiftlikdə əsl kənd həyatı yaşatmaq: burada at sürmək də mümkün olacaq, inək sağmaq da, uşaqlar üçün kiçik ferma da quraşdırılacaq ki, heyvanların balaları ilə oynasınlar. Bütün bunlar gələn ilin yazına planlaşdırılır.
Son olaraq isə müsahibim deyir: “İnsanlara ləyaqətlə yaşamaq üçün imkan yaratmaq lazımdır. Çox ambisiyaları yoxdur bizim insanların, istəyirlər ki, isti evləri olsun, evlərinin işığı yansın, bir parça çörəkləri olsun. Çox şeylər deyil bunlar”…
Röya RƏFİYEVA
Fotolar müəllifindir
Son şərhlər