“İran İslam Respublikası yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) qarşı cavab sanksiyaları tətbiq edəcək”.
Elchi.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənani məlumat verib.
Qeyd edək ki, fevralın 20-də Aİ İrana qarşı sanksiyaları genişləndirib, daha 32 fiziki və 2 hüquqi şəxsi “qara siyahı”ya salıb. “Qara siyahı”ya düşən şəxslər arasında məmurlar, təhlükəsizlik qüvvələri, məhkəmə və penitensiar sistemlərin əməkdaşları, o cümlədən mədəniyyət və islami oriyentasiya naziri Məhəmməd Mehdi İsmaili və təhsil naziri Yusif Nuri də var. Sanksiyaya məruz qalan hüquqi şəxslər arasında polis və təhlükəsizlik qüvvələrinə aid strukturlar da var.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin fevralın 15-də verdiyi məlumata görə, Avropa İttifaqı anti-Rusiya sanksiyalarının onuncu paketi çərçivəsində fevralın 24-də İrana qarşı ayrıca sanksiyalar bloku tətbiq etmək niyyətindədir. Aİ-nin məlumatına görə, buraya İranın Rusiyaya hərbi tədarükləri ilə əlaqəsi olan hüquqi və fiziki şəxslər daxil olacaq.
Kənani Qərbə xəbərdarlıq edərək, bu tədbirlərin cavabsız qalmayacağını qeyd edib.
Yeganə