İsveçrə hökumətindən maliyyə dəstəyi alan Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi (GCSP) və Humanitar Dialoq Mərkəzi (HD Centre) bir neçə aydır Ukraynadakı münaqişənin həlli üçün danışıqlara hazırlıq imkanlarını araşdırır.
Elchi.az xəbər verir ki, bu barədə RTS teleşirkəti məlumat yayıb.
Qeyd olunur ki, hər iki beynəlxalq təşkilat qeyri-kommersiya təşkilatıdır. RTS-in məlumatına görə, onlar hazırda rusiyalı və ukraynalı tərəfdaşlarla ilkin müzakirələr aparırlar. Bu işin məqsədi Rusiya və Ukrayna arasında dolayı dialoq formasını dəstəkləməkdir. Qeyd olunur ki, rəsmi kanallardan kənarda Kiyev və Moskva ilə təmaslar beynəlxalq əlaqələr sahəsindəki mütəxəssislər tərəfindən dəstəklənir.
GCSP-nin rəhbəri Tomas Qremingerin teleşirkətə verdiyi məlumata görə, təşkilatların arxa kanal adlandırdığı belə bir dialoq münaqişə tərəflərinə istənilən şəraitdə bir-biri ilə əlaqə saxlamağa imkan verən məxfi platformadır. T.Qremingerin sözlərinə görə, artıq üz-üzə, həmçinin virtual olaraq üç görüş baş tutub.
RTS qeyd edir ki, burada söhbət qeyri-dövlət subyektləri tərəfindən başlanmış və rəsmi diplomatiyanın zəif tərəflərini aradan qaldırmağa imkan verən, belə desək, paralel və ya özəl diplomatiyadan gedir.