İsrailin BMT-dəki səfiri Gilad Erdan İran prezidenti İbrahim Rəisinin BMT Baş Assambleyasındakı çıxışından sonra etiraz aksiyası keçirib. Elchi.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat verir.
İran prezidenti dünya liderlərinə müraciətinə başlayarkən Erdan ayağa qalxaraq “İran qadınları indi azadlığa layiqdirlər” sözləri yazılmış pankart qaldırıb. İsrail səfirinin əlindəki lövhədə etirazın simvoluna çevrilmiş kürd əsilli 22 yaşlı iranlı qadın Məhsa Əmininin şəkli olub.
Raisi BMT-dəki çıxışında İranda etiraz aksiyaları ilə bağlı xəbərləri təhrif edilmiş və saxta adlandıraraq, bunların Qərb kəşfiyyat rəsmilərinin planları olduğunu iddia edib.
Bundan əvvəl İran polisinin hicab taxma qaydalarına riayət olunmasına nəzarəti gücləndirdiyi məlum olub. Bu məqsədlə avtomobil və piyada patrulları təşkil etməyə başlayıblar.
Havar Şəfiyeva