İsrail hərbçiləri Qəzza zolağına bir neçə zərbə endirib.
Elchi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr yanvarın 8-də Fələstin anklavı tərəfindən İsrail istiqamətində raket atəşinə cəhd qeydə alındıqdan sonra cavab tədbiri kimi həyata keçirilib. Həmin vaxt ordu bildirmişdi ki, İsrail ərazisi istiqamətində bir mərmi buraxılıb, lakin sərhədə çatmadan Qəzza zolağı daxilində düşüb.
Hərbçilərin indiki açıqlamasına görə, buna cavab olaraq Fələstinin HƏMAS hərəkatına mənsub silahlı radikallara və onun hərbi infrastrukturuna aid bir sıra obyektlərə dəqiq zərbələr endirilib.
“Zərbələr zamanı İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti HƏMAS-a məxsus bir neçə terrorçunu, raket buraxılış qurğularını və terrorçu infrastruktura aid digər obyektləri hədəfə alıb,” – deyə bəyanatda bildirilir.
İsrail tərəfinin fikrincə, Qəzza zolağından tək mərminin buraxılmasına cəhd “atəşkəs razılaşmasının pozulması”dır.
“İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti razılaşmanın hər hansı pozulmasını pisləyir və Qəzza zolağındakı terror təşkilatlarının İsrail ordusuna və mülki əhaliyə qarşı hücum cəhdlərinin qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək,” – deyə məlumatda vurğulanır.
Məryəm




















