İsrail Qəzza zolağına hücumlarının 125-ci günündə döyüş təyyarələri, artilleriya birlikləri və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlarda onlarla fələstinlini öldürüb və yaralayıb.
Elchi.az xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyində yer alan xəbərə görə, İsrail ordusu Qəzza şəhərinin Ər-Rimal və əs-Səbra, əz-Zeytun və Tel əl-Heva məhəllələrində fələstinlilərin evlərinə havadan zərbələr endirib.
İsrail ordusunun artilleriya bölmələri Qəzzanın Rimal və Sabra məhəllələrini də vurub.
Qəzzanın müxtəlif bölgələrində PUA hücumları həyata keçirilərkən, Tel əl-Heva rayonunda partlayış səsləri eşidilib.
Hücumlarda onlarla fələstinli həyatını itirib və yaralanıb.
Bu arada hücumlarda ölən və yaralanan fələstinlilərin Qəzza küçələrindən çıxarılaraq təcili yardım maşınları ilə xəstəxanalara çatdırılmasına icazə verilmir.
İsrail döyüş təyyarələri Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin müxtəlif məhəllələrini intensiv və şiddətlə bombalayarkən, işğalçı artilleriyası şəhərin şərq hissələrinə onlarla raket zərbəsi endirib.
Digər tərəfdən, İsrail qüvvələrinin hücumlarında Deyr-Belahdakı evi hədəfə alınan Fələstin televiziyasının əməkdaşı və jurnalist Nafiz Abdelcevadın oğlu da eyni hücumda həlak olub.
İsrail döyüş təyyarələrinin Rəfah və Deyr əl-Belahdakı yaşayış məntəqələrini hədəf alan hücumları nəticəsində Rəfah şəhərində 2 evin vurulması nəticəsində 12 mülki şəxsin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı açıqlanıb.
İsrail ordusunun Deyr əl-Belah bölgəsinə təşkil etdiyi hücumlarda 2 nəfərin öldüyü, ən azı 10 fələstinlinin yaralandığı bildirilib.
Şayəstə Hüseynova