“İran daxilində gedən proseslərin silahlı qarşıdurma mərhələsinə keçmə ehtimalları artıq artır. Bu, böyük ölçüdə gedən proseslərin istiqamət və məqsədlərini müəyyən güclərin planladığı formadan çıxarıb, silahlı qarşıdurma və nəticəsində də İranın dövlət kimi parçalanmasına gətirəcək yola keçməsinə səbəb olacaq. Artıq İranın dini simvolları olan Xomeyninin ev muzeyi və Qumdakı dini mədrəsə yandırılıb ki, bu, İran rejiminin dini ideologiyasının çökdüyünü sübut edir”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib.
Onun sözlərinə görə, İrandakı proseslər geridönməz yola daxil olur:
“Artan etirazçı ölümləri prosesləri daha da qızışdırır. İran daxilində qarşıdurma vətəndaş müharibəsinə doğru gedir, çünki rejimin uzun illər apardığı iyrənc ideoloji iş nəticəsində ölkə daxilində bu rejimin xidmətçisinə çevrilmiş çox sayda zombiləşmiş manqurt kütləsi formalaşmışdır ki, bunlar üçün milli mənsubiyyətin heç bir mənası qalmamışdır. Bu baxımdan, qarşıdurmanın ərəb ölkələrindəkindən daha qanlı gedəcəyi ehtimalı mövcuddur.
Azərbaycan bu duruma hazırlıqlı olmalıdır. Kütləvi insan köçü olma ehtimalı vardır. Onların sərhəddə yerləşdirilməsi üçün yerlər müəyyən edilməli, çadır şəhərcikləri üçün ehtiyyat hazırlanmalıdır.
Azərbaycan dövləti Güney Azərbaycan insanları üzərində söz sahibi olmaq üçün indidən fəaliyyət göstərməlidir. Elə etməlidir ki, günün birində güneydəki qardaşlarımız bu mübarizədə “sizlər bizim üçün nə etdiniz?” sualını bizə verməsinlər. Aparılacaq fəaliyyətin mahiyyəti dövlətin işidir, reklama ehtiyac yoxdur”.
Yeganə