İran ABŞ qüvvələrinin Suriya, İraq və Yəməndəki hədəflərə endirdiyi hava hücumlarını pisləyib və bunu “bölgədə gərginliyi artırmaqdan başqa heç bir məqsədə xidmət etməyəcək bir strateji səhv” kimi qiymətləndirib.
Elchi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani verdiyi yazılı açıqlamada ölkəsinin hücumları pislədiyini və bunu beynəlxalq hüququn açıq şəkildə pozulması hesab etdiyini bildirib.
ABŞ administrasiyasının “daha bir macərası və strateji səhvi” olaraq xarakterizə etdiyi hücumların “bölgədə gərginliyin və qeyri-sabitliyin artmasından başqa heç bir nəticə verməyəcəyini” ifadə edən Kenani, ABŞ-ın bu hücumlarla yalnız Qəzzaya hücumlarını davam etdirən İsrailin məqsədlərinə xidmət etdiyini iddia edib.
Bölgədəki münaqişələrin ölçüsünü və coğrafiyasını genişləndirmək təhlükəsinə və hücumların davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid yarada biləcəyinə işarə edən Kenani, beynəlxalq ictimaiyyəti və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasını (BMT Təhlükəsizlik Şurası) bu hücumların qarşısını almağa çağırıb.
Suriya və İraqda İranın dəstəklədiyi milislər və Yəməndə husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq ABŞ və İsrail hədəflərinə raket və pilotsuz təyyarələrlə hücum etməyə başlayıb. İraqda İranın dəstəklədiyi milislər yanvarın 28-də İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasını kamikadze dronlarla vurmuş, hücumda 3 ABŞ əsgəri həlak olmuş, 40-dan çox adam yaralanmışdı.
ABŞ Mərkəzi Komandanlığı yanvarın 28-də baş verən hücuma cavab olaraq ötən gecə İran İnqilabı Keşikçiləri Korpusu və ona bağlı milis qüvvələrinə İraq və Suriyadakı hədəflərə hava zərbələri endirib.
ABŞ qüvvələri də Yəməndəki hədəfləri vurduqlarını bildiriblər.
Şayəstə Hüseynova