İordaniya kralı II Abdullah ölkənin Qəzzadan olan qaçqınları qəbul etməyəcəyini bildirib.
Elchi.az xəbər verir ki, İordaniya kralı II Abdullah krallığın Qəzza zolağından olan fələstinli qaçqınları qəbul etməyəcəyini bildirərək, məsələni ölkə üçün qırmızı xətt adlandırıb.
“Bu qırmızı xəttdir. Daha fələstinli qaçqınlar yoxdur – nə İordaniyada, nə də Misirdə”, – o, çərşənbə axşamı, oktyabrın 17-də Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu problem Qəzza zolağının daxilində, eləcə də İordan çayının qərb sahilində yerləşən Fələstin ərazilərində həll olunmalıdır. “Bunu başqa dövlətlərin çiyinlərinə atmağa ehtiyac yoxdur” monarx deyib.
İordaniya 1948-ci ildə Ərəb-İsrail müharibəsindən sonra krallığa gələn təxminən 2,4 milyon fələstinli qaçqını qəbul edib. Fələstinlilər ölkənin ümumi əhalisinin ən azı 35%-ni təşkil edir.
Şayəstə Hüseynova