"İmtahan həyəcanını artıran səbəblərdən biri də valideynlərin təzyiqi və mükəmməliyyətçi olmasıdır" - PSİXOLOQ

Tələbə olmaq istəyənlər çətin bilik yarışından qalib çıxmaqla yanaşı, həm də böyük stressi aradan qaldırmağı bacarmalıdırlar. Bir sözlə, məzun imtahana həm intellektual, həm də psixoloji cəhətdən hazır olmalıdır. Bəs psixoloji gərginliyi azaltmaq, depressiyanı yox etmək üçün abituriyentlər nələrə əməl etməlidir? Elchi.az psixoloq Rübabə Mərdanova ilə olan müsahibəni təqdim edir.
- Rübabə xanım imtahanqabağı abituriyentlər əsasən nələrə diqqət etməlidir?
- Düzgün yuxu və qida rejiminin olması həm fizioloji, həm də psixoloji cəhətdən faydalıdır. Qida beynin işləmə mexanizminə ciddi təsir göstərir. Energetik içkilərdən, qəhvə, şirniyyatdan uzaq olmaq, daha çox vitaminli qidalara üstünlük vermək sinir siteminin güclənməsi, dərketmə qabiliyyətinin artmasına səbəb olur. Karbohidratlar yuxu gətirir, onların əvəzinə ət, balıq, yumurta, meyvə-tərəvəz daha faydalıdır.
Yuxusuzluq kortizol hormonunu artırır ki, bu da stressin artmasına səbəb olur.
İmtahandan əvvəlki gün dərs oxumamaq, təmiz havada gəzmək, sakit musiqilər dinləmək, pozitiv əhvali-ruhiyyəli insanlarla zaman keçirmək məsləhətdir. İmtahandan bir gün əvvəl gedəcəyiniz ünvanı dəqiqləşdirin, hətta ünvanı gedib görmək həyəcan səviyyəsini aşağı salır. Axşamdan geyimləriniz, özünüzlə götürəcəyiniz əşyalar hazır olsun, imtahan məntəqəsinə vaxtında çatmağa çalışın. Yeni geyim, ayaqqabı narahatlıq yarada bilər.
- Necə düşünsünüz, imtahanlardan öncəki həyəcanı azaltmaq üçün valideynlər övladları ilə hansı davranış üsullarından istifadə etməlidir?
- İmtahan həyəcanını artıran səbəblərdən biri də valideynlərin təzyiqi və mükəmməliyyətçi olmasıdır. Həyəcanı azaltmaq üçün ilk növbədə valideyn öz narahatlığının öhdəsindən gəlməlidir. Hər dəfə bir araya gəldikdə, yemək zamanı imtahandan söhbət salmaq yanlış davranışdır. Onu sevdiyinizi hiss etdirin, qayğı göstərin. Ailəcə təmiz hava gəzintisi, birlikdə əyləncəli film və verilişlər izləmək, sevdiyi yeməkləri hazırlamaq, sevdiyi məkanlara getmək yaxşı təsir göstərir. İmtahan nəticəsi nə olur-olsun onu şərtsiz sevdiyinizi hiss etdirin.
- Bəs hansı həyəcan təbili çalan xüsusiyyətləri ilə seçilən şagirdlər psixoloqlara cəlb olunmalıdır?
- Əgər abituriyent özünə inamsız, bilik və bacarıqları lazımınca dəyərləndirilməyən, sinir sistemi zəif, özünə qapanıq, diqqət dağınıqlığı yaşayan, həddən artıq hərəkətli və aqressivdirsə, davamlı təlaş və həyəcan yaşayırsa mütəxəssisə müraciət edilməlidir. Hətta bəzən abituriyentin potensialı, intellekt səviyyəsi dəyərləndirilmədən ondan yüksək nəticə gözlənilir ki, bu da məsuliyyət yükünü artırır və stressə səbəb olur. Bunun üçün də mütəxəssis dəyərləndirilməsi vacibdir.
- İmtahanda uğurlu nəticə göstərməyəndə onlara qarşı hansı sözlərdən istifadə etməliyik ki, uşaq valideynə arxalansın?
- “Çox çalışdığını görürəm, nəticənin uğurlu olacağına inanıram”.
“Nəticədən asılı olmayaraq, sən bizim üçün çox dəyərlisən”.
Əgər o “Yaxşı çalışmadığımı görürəm, yaxud, öhdəsindən gələ bilmirəm” deyirsə, “Bunun fərqində olmağın çox gözəldir, birlikdə araşdıraq, necə çalışa biləcəyinin yollarını tapaq”. “Bununla bağlı sənin bir fikrin var? “Bəlkə müəlliminlə danışaq?” və s.
- Uşaqlarla birlikdə həmin valideynlər də psixoloqa cəlb olunmalıdır, ya necə?
- Müraciət edənlər arasında ana-ataları həyəcanlı, yanlış motivasiya üsulu seçən abituriyentlərə çox rast gəlirik. Bu zaman mütləq valideynlərlə iş aparmağın önəmini bildiririk. Ümumiyyətlə, valideynlərin psixoloji vəziyyəti övladların psixoloji problemlərin ortaya çıxmasında böyük rol oynayır.
- Psixoloqlar imtahandan qabaq və imtahandan sonra hansı davranış pozğunluğunu sezdikdə abituriyentləri psixoterapevtə yönlətmək olar?
- Əgər hər hansı psixi pozuntu ehtimalları yaranarsa, psixiatra yönləndirilməli, həkim tərəfindən diaqnoz qoyulmalı, medikamentoz müalicəyə ehtiyac varsa, dərman qəbulu ilə yanaşı psixoterapevtik yanaşma da aparılmalıdır.
- Uğursuz nəticə göstərən abituriyentlərdə depressiya , intihar etmə hallarının artmasının əsas səbəbi nədir və ya kimdir?
- Bunun səbəbi hələ imtahandan öncə olan problemlərə dayanır. Valideyn, müəllim yanaşması, abituriyentin sinir sistemi, psixoloji hazırlığı, psixoloji dözüm səviyyəsi bu halları ortaya çıxarır. Bu dəqiqdir ki, qorxutmaq, hədələmək, günahlandırmaq nəticəni düzəltmir, əksinə təşvişi artırır. Ona görə də, cəmiyyət olaraq bunu anlamağa çalışmalıyıq ki, imtahan nəticəsi dünyanın sonu deyil. Tənqid etmək yerinə, yol göstərək, doğru motivasiya edək və övladlarımızı yalnız hansısa sahədə bir mütəxəssis görmək istəyiylə yanaşı, onların sağlam psixologiyaya sahib, düzgün formalaşmış şəxsiyyət olmasına şərait yaradaq.
Aysel Nəsirzadə