İlham Əliyev iqtisadiyyat sahəsində gündəlikdə duran məsələləri AÇIQLADI

39

“Bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə – bütün bunlar gündəlikdə duran məsələlərdir”.

Bu sözləri YAP-ın yaradılmasının 30-cu ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə Prezident İlham Əliyev deyib.

“O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar – strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq.

Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da, postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Burada həm dövlət siyasəti, həm iqtisadi-maliyyə sektorundakı şəffaflıq, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici sərmayələrin bundan sonra da qeyri-neft sektoruna cəlb edilməsi əsas amillərdən biri olacaq”, – deyə dövlət başçısı qeyd edib.