Ümumdünya Hipertoniya Günü: Diaqnoza diqqət yetirin

649

Müalicə edilmədikdə “səssiz qatil”ə çevrilən və damar yatağının zədələnməsi ilə illər ərzində təsirini göstərən hipertoniya yetkin əhalinin 35 faizini təsir edir.
Elchi.az xəbər verir ki, hər il mayın 17-də “Ümumdünya Hipertoniya Günü” çərçivəsində hipertoniya xəstəliyi ilə bağlı maarifləndirmə, erkən diaqnozun vacibliyini vurğulamaq, hipertoniyadan əziyyət çəkənlərdə baş verə biləcək mənfi nəticələrin azaldılması məqsədilə tədbirlər təşkil edilir.
Ən çox görülən xroniki xəstəliklərdən biri olan və damarlarda təzyiqin normadan yüksək olması ilə təyin olunan hipertoniya Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada təxminən 10 adamdan 3-də görülür.
Diaqnoz qoyulmamış və müalicə olunmayan hipertoniya böyrəklərə, beyinə, ürək-damar sisteminə daimi ziyan vura bilər və buna görə də qlobal ictimai sağlamlıq problemi hesab olunur.
17 May Ümumdünya Hipertoniya Günü çərçivəsində builki mövzu “Təzyiqinizi mütəmadi olaraq ölçün, daha uzun yaşayın” kimi müəyyən edilib.

Şayəstə Hüseynova