“Laçın olaylarından sonra Vitali Balasanyana qarşı kompromat müharibəsi başladı. Hətta KİV-dəki məlumatlara “Balasanyan Laçını təhvil verir” başlığı da qoyuldu. İş o yerə çatdı ki, Vitali Balasanyanın ofisinin bu məsələyə reaksiya verməli oldu”.
Elchi.az xəbər verir ki, bu barədə hərbi jurnalist Asəf Quliyev FB hesabında bildirib.
O, qeyd edib ki, əslində Balasanyana qarşı bu hücumların analizi bütövlükdə erməni cəmiyyətində baş verənlərə işıq salır:
“Amma bu situasiyanı analiz etməzdən əvvəl bir suala mütləq cavab tapmaq lazımdır: Vitali Balasanyan kimdir?
Vitali Balasanyan Qarabağda dünyaya gəlib. 5 mart 1959-cu ildə. Uşaqlığı da, gəncliyi də orada keçib. 1988-ci ilə, yəni ermənilərin Qarabağ iddiaları başlayana qədər ictimai iaşə sektorunda işləyib.
1988-ci ildə “Miarsum” çağırışı ilə başlayan hərəkatda Əsgəran sakinlərinin təşkilatlanmasında iştirak edib. Və tez bir zamanda yerli liderlərdən birinə çevrilib. Münaqişənin müharibə mərhələsində artıq Vitali Balasanyanın öz silahlı dəstəsi formalaşmışdı. 1990-cı ildən Əsgərandakı silahlı birləşmələrə konamdanlığı məhz Balasanyan edirdi. Hərbi əməliyyatlara iştirak edən Balasanyanın liderlik xüsusiyyətləri və xarizması sayəsində xeyli irəli gedir. Müharibənin birinci mərhələsində qazandığı uğurlar onu general rütbəsinə qədər yüksəldır.
2002-ci ildə ona milli qəhrəman adı verilir. Bu ad onun yeni arzularını stimullaşdırır. Balasanyan özünü siyasətdə də sınamaq istəyir. Bunun üçün o ilk növbədə ali təhsil almaq barədə düşünür. İrəvan İqtisad Universitetinə qəbul olur və 2011-ci ildə universitetin diplomunu alır.
Və 2012-ci ildə Qarabağda keçirilən “prezident” seçkilərdə iştirak edir. Onun namizədliyi Daşnaksütun tərəfindən dəstəklənsə də o uğur qazana bilmir. Və bundan sonra onun Qarabağ klanı ilə problemləri başlayır.
Balasanyan Qarabağda hakimiyyətə ən böyük müxalif qüvvənin lideri olur. Hətta həmin dövrdə o Qərbyönümlü siyasi qüvvələrlə ciddi müttəfiqlik edir. Ermənistanda Qarabağ klanı hakimiyyətdə olduğu müddətdə öz keçmiş silahdaşlarına heç bir şans vermirlər. O sadəcə parlamentdə təmsil olunur.
Qarabağ klanı rəhbərləri onun xalq arasında avtoritetinin yüksək olduğunu bilirdilər. Balasanyana qarşı soyuq münasibətin kökündə də məhz bu amil dayanırdı.
•Balasanyan müharibədə parlamış çox az erməni generallarından idi ki, adı heç vaxt korrupsiyada hallanmayılb.
•Balasanyan öz avtoritetndən istifadə edib iri biznes şəbəkəsi qurmayıb.
•Balasanyan etdiyi hərəkətlərdə və atdığı addımlarda yalnız xalqının mənafeyinə xidmət etdiyinə inanıb və bu yolla gedib.
•Balasanyan müharibə iştirakçıları arasında birmənalı hörmətlə qəbul edilən general olub.
Bütün bunlar isə Qarabağ klanının hakimiyyət, var-dövlət və sair bu kimi maraqları ilə üst-üstə düşmürdü. Buna görə də Balasanyan Qarabağ klanı üçün bir qədər yad idi.
Amma aralarında olan fikir ayrılıqlarına baxmayaraq Qarabağ klanı Balsanyanı birdəfəlik kəsib atmamışdı və ehtiyac duyulan çətin anlarda ondan kömək istəyirdi”.
A.Quliyevin sözlərinə görə, 2016-cı ildə baş verən aprel döyüşləri Balasanyan üçün yenidən siyasi karyera şansı yaratdı:
“Kütləvi qorxu və təşviş içərisində olan xalqı sakitləşdirmək asan deyildi. Və elə bu vaxt Balasanyan yada düşdü. O, Qarabağda bu gün tutduğu vəzifəyə, tahlükəsizlik şurasının katibi vəzifəsinə təyin olundu.
Çox keçmədən Sarkisyan hökuməti başqa bir problemlə qarşılaşdı. Keçmiş döyüşçülər polis idarəsi tutdular. Sasna-Tserer böhranı Sarkisyanı ciddi narahat edirdi. Ən böyük narahatçılıq isə keçmiş silah yoldaşlarının ona qarşı çıxması idi. Bu böhranı çözmək asan deyildi. Çünki Sasna-Tserer üzvləri heç kimlə kontakta girmirdi. Bu vaxt Sarkisyan çox az hallarda Qarabağdan kənara çıxan Balasanyanın məsələyə müdaxiləsini istəyir. Sasna-Tserer Balasanyanla görüşməyə razı olur. Doğrudur böhran aradan qalxmır. Amma Sasna-Tsererin heç kimi yox, ancaq Balasanyanı qəbul etməsi özü bir göstərici idi.
Erməınistanda hakimiyyətin dəyişməsi Balasanyan üçün də problemlər yaradır. Hakimiyyətə gələn Nikol Paşinyanla onun münasibətləri hər zaman gərgin olub. Paşinyanın təkidi ilə o Təhlükəsizlik Şurası katibliyindən uzaqlaşdırılır.
Qarabağda 2020-ci ilin əvvəlində keçirilən seçkilərdə Balasanyanın şansları yüksək olsa da onun irəli çıxmaması üçün maraqlı kombinasiya quruldu. Paşinyan həbsdən buraxdığı Samvel Babayanı Qarabağa göndərdi və əsas namizədlərdən biri Masis Mailyanın namizədliyini dəstəkləməyi xahiş etdi. Samvel Babayan döyüş ruhlu ermənilərin səslərini parçalaya bildi. Və bu qarışıqlıqda inzibati resurslar Araik Arutunyan üçün lazım olanı etdi.
Seçkidə Balasanyan üçüncü oldu.
Seçkidən sonra isə Arutunyan Samvel Babayanı təhlükəsizlik şurasının katibi təyin etdi.
Amma 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük müharibədə Babayan sona qədər davam gətirə bilmədi. Sadəcə postunu qoyub qaçdı.
Müharibədən sonra qorxu, təşviş içərisində olan Qarabağ ermənilərini normal həyata qaytarmaq üçün onlara təminat verə biləcək yenə də Balasanyan oldu. Balasanyan yenidən təhlükəsizlik şurasının katibi təyin edildi.
Balasanyan Qarabağdakı digər liderlərdən fərqli olaraq daha rasional, və daha çox xalqının mənafeyini düşünən və sözü bütöv liderdi. Bu gün onun xalqının mənafeyi tələb edən addımları atacağı şübhə doğurmur. Bu isə revanşistlərə heç cür sərf edən mövqe deyil.
Məhz buna görədir ki, revanşist qüvvələrin ruporu kimi çıxış edən erməni KİV-ləri Balasanyanın Azərbaycan nümayəndələri ilə görüşünü xəyanət kimi təqdim etməkdən çəkinmədi.
Sonda iki məsələni də qeyd etməyi vacib bilirəm.
BİRİNCİSİ: Vitali Balasanyan ilə Allahverdi Bağırov ilk dəfə Xocalı faciəsi baş verəndən sonra tanış olublar. Yəni onların arasında əvvəldən heç bir dostluq olmayıb.
İKİNCİSİ: Allahverdi Bağırov barədə araşdırmalar zamanı onun əsrlikdən azad etdiyi Mehman Hüseynovla da tanış oldum. Aydınlıq üçün deyim ki, Mehman “Fəryad” filmindəki İsmayılın həyatdakı prototipi idi. Bu film də məhz onun həyatına həsr olunub.
Mehman Hüseynov bir gün maraqlı bir əhvalat danışdı. Allahverdi Bağırov Əsgəran batalyonunun komandiri Vitali Balasanyan ilə danışır və Vitali söz verir ki, Mehmanı sabah gətirəcəm. Gecə Mehmanı Stepanakertdən Əsgərana gətirirlər. Əsgəranda Mehmanı bir serjant möhkəm döyür. Səhər Vitali gəlir və baxır ki, Mehmanı döyüblər. Əsəbləşir və deyir ki, axı mən Allahverdiyə söz vermişdim ki, sağ salamat gətirəcəm…
Mehmanın dediynə görə, Vitali həmən serjantı çağırır və elə Mehmanın yanındaca şillələyir…”.
Yeganə