Gürcüstanın dövlət büdcəsində 2022-ci ildə beynəlxalq əhəmiyyətli yolların tikintisi və təmiri, eləcə də regionların inkişafı üçün 2,9 milyard lari vəsait nəzərdə tutulub.
Bu vəsaitdən 1,9 milyard lari beynəlxalq əhəmiyyətli yolların təmiri və tikintisinə sərf olunacaq. Bu məbləğin də böyük hissəsi “Şərq-Qərb” (E-60) beynəlxalq əhəmiyyətli magistralın tikintisinə yönəldiləcək.
Qeyd edək ki, E-60 tranzit dəhlizi böyüklüyünə görə Avropada ikinci ən böyük magistraldır. Magistral yol Fransadan başlayır və Qırğızıstanda başa çatır. Gürcüstan üçün bu yol Azərbaycan sərhədindən Qara dəniz sahilindəki Poti limanına kimidir. Gürcüstan ərazisində yolun uzunluğu 392 kilometr təşkil edir və əsas hissə Rikoti aşırımıdır.
Rikoti aşırımında 51,6 kilometr uzunluğunda müasir standartlara cavab verən yolun, 96 körpünün və 53 yeraltı keçidin (tunel) tikintisi nəzərdə tutulub.
Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məlumatına əsasən artıq 6 tunel çəkilib və tamamlama işləri aparılır. Daha bir neçə körpülərdə birləşdirici plitələrlə monolit konstruksiyanın quraşdırılması prosesinə başlanılıb, bundan sonra isə səki döşənəcək.
Bundan başqa, Tbilisi-Batumi magistralında dairəvi yolun, Gürcüstandan Rusiyaya gedən əsas yoldakı Kvaşeti-Kobi tunelinin və Saçxere-Raça sürtəli yolun tikintisinə də vəsait yönəldiləcək.