*European Journal of Preventive Cardiology* jurnalında dərc olunan yeni bir araşdırma göstərir ki, davamlı stress ürəkdə struktur dəyişikliklərinə səbəb ola və sağlamlığımızı daha böyük risk altına sala bilər.
Elchi.az xəbər verir ki, orqanizmimiz tez-tez müəyyən dərəcədə gərginlik altında olduqda, stress xroniki, aşağı səviyyəli iltihaba – immun sisteminin təhlükəyə qarşı daim ayıq vəziyyətdə qaldığı bir hala – səbəb ola bilər. Bu vəziyyət ürək-damar problemləri ilə əlaqəlidir.
Təxminən 500 000 nəfərin məlumatları təhlil edilib
Bu yeni araşdırmada London İmperial Kollecinin (Imperial College London) tədqiqatçıları xroniki, aşağı səviyyəli iltihabı nəyin tətiklədiyini və bunun nəticəsində yarana biləcək konkret fiziki dəyişiklikləri daha ətraflı öyrənməyi qarşılarına məqsəd qoyublar.
Tədqiqatçıların fikrincə, yaranan zədə insan ürək tutması kimi ciddi bir sağlamlıq problemi ilə üzləşənə qədər nəzərdən yayına bilər.
London İmperial Kollecinin ürək-damar sistemi üzrə tədqiqatçısı Deklan O’Reqan (Declan O’Regan) bildirib ki, öz növündə ən böyük miqyaslı olan bu araşdırma milyonlarla insanın ürəyi tədricən dəyişdirən, uzunmüddətli zədələrə səbəb olan və ürək tutması ilə insult riskini artıran gizli iltihabla yaşaya biləcəyini göstərir.
Araşdırmada Böyük Britaniyanın tədqiqat məlumat bazasından 488 081 nəfərin məlumatları – o cümlədən ürək skanları, iltihabla əlaqəli qan göstəriciləri, genetik məlumatlar, bədən yağı səviyyələri və 169 ətraf mühit amilinə məruz qalma ilə bağlı məlumatlar – təhlil edilib. Sözügedən amillərə fiziki və psixi sağlamlığa təsir edə biləcək geniş spektrli faktorlar daxil idi: sosial-iqtisadi vəziyyət, siqaret çəkmə vərdişi, fiziki aktivlik, ailə üzvlərinin sayı, tənhalıq və narahatlıq səviyyələri, yuxu rejimi, qidalanma, maliyyə çətinlikləri, boşanma və hava çirkliliyi səviyyələri.
Şayəstə





















