Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına
söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli
təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Bunu Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Ayşən Hüseynova deyib.
O, qeyd edib ki, Azərbaycançılığın bütün dünya azərbaycanlılarını
birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər
Əliyevin tarixi xidmətidir.
Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə
bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının
kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının
birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
QHT rəsmisinin fikrincə, Azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli
təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji
birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan
soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi,
demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.
Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya
Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir:
“Böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən müdrik siyasəti bu gün nəticəsini verməkdədir. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ölkəmizin tanınması, milli maraqlarının və dövlət mənafeyinin qorunması yolunda əsl fədakarlıqlar edirlər. Ulu Öndərin ideyalarının özündən sonrakı mərhələlərdə də davam etdirilməsi diaspor quruculuğuna töhfələrini verir.
Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə sadiq qalan Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir”.





















