“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən oktyabr ayında Lənkəran və Masallı rayonlarında “Gənc Sahibkarların İnkişaf Proqramı” layihəsi həyata keçiriləcək.
Layihənin əsas məqsədi regionlarda yaşayan 18–35 yaşlı gənclərin sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması, onların biznes ideyalarının inkişaf etdirilməsi və iqtisadi fəallığının dəstəklənməsidir.
Layihə çərçivəsində 100 gənc sahibkarlıq, biznes planlaşdırılması, maliyyə savadlılığı, marketinq, satış strategiyaları və startapların idarə olunması mövzularında təlimlərdə iştirak edəcək. İştirakçılara təcrübəli sahibkarlar tərəfindən mentor dəstəyi göstəriləcək və proqramın sonunda gənclər öz biznes ideyalarını təqdim edəcəklər.
“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Həzrət Bədiyev bildirib ki, region gənclərinin iqtisadi imkanlarının genişləndirilməsi və onların öz bizneslərini qurmağa təşviq edilməsi təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir.
“İnanırıq ki, gənclərə yalnız nəzəri bilik vermək kifayət deyil. Onların real biznes mühitini tanıması, təcrübəli sahibkarlarla ünsiyyət qurması və öz ideyalarını təqdim etmək imkanı əldə etməsi gələcək fəaliyyətləri üçün mühüm əhəmiyyət daşıyır. Bu layihə vasitəsilə Lənkəran və Masallı gənclərinin sahibkarlıq potensialının üzə çıxarılmasına və onların iqtisadi fəallığının artırılmasına töhfə verməyi qarşıya məqsəd qoymuşuq”, – deyə Həzrət Bədiyev qeyd edib.
Layihə regionlarda gənclər arasında sahibkarlıq düşüncəsinin formalaşdırılmasına, özünüməşğulluğun təşviqinə və yeni biznes təşəbbüslərinin yaranmasına dəstək verməyi hədəfləyir.
Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi
Bakı, 2026 “





















