Qafqazinfo.az saytında “AXCP “Müsavat” başqanlığında Qubad İbadoğlunu görür” sərlövhəli yazı yer alıb. Sayt AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı facebook sosial şəbəkəsində başqanlığa namizəd Qubad İbadoğlunun müsavatçılarla görüşü barədə paylaşımına yazdığı şərhi AXCP-nin mövqeyi kimi təqdim edib. F.Qəhrəmanlının şərhində deyilir:
“Qubad bəy sizə seçkidə uğurlar arzu edirəm. Sizin başqanlığınız təkcə partiyanın deyil, həm də demokratik düşərgənin maraqlarına uyğun olardı”.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən F.Qəhrəmanlı facebookda yazdığı şərhin AXCP-nin deyil, şəxsi mövqeyini əks etdirdiyini, bunu partiyanın mövqeyi kimi təqdim etməyin doğru olmadığını bildirib:
“Mən ayrıca status yazmamışam. Qubad bəyin keçirdiyi görüşlərlə bağlı yazdığı statusun altına şəxsi rəyimi yazmışam. Bu mənim şəxsi mövqeyimdir. Mən şəxsi münasibətimi ifadə etmişəm. Mən Qubad bəylə bağlı fikirlərimi orada ifadə eləmişəm və bundan artıq nə isə söyləmək istəmirəm”.
F.Qəhrəmanlı Qubad İbadoğlunun namizədliyi məsələsində onunla Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin mövqeyinin üst-üstə düşməsini qəribəlik kimi dəyərləndirənlərin fikirlərini qeyri-sağlam mövqe kimi qiymətləndirdi və bu barədə danışmaq istəmədiyini vurğuladı:
“Mən əsası olmayan, sağlam düşüncəyə söykənməyən fikirlərə şərh vermək istəmirəm”.