Fransanın Mert-e-Mozel (Meurthe-et-Moselle) departamentində “Mirage 2000D” tipli qırıcı təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində bir nəfər həlak olub, digər şəxs isə itkin düşüb.
Elchi.az xəbər verir ki, Fransa Müdafiə Nazirliyi bildirib ki, ölkənin şimal-şərqində yerləşən Mert-e-Mozel departamentinin Rojvil (Rogeville) qəsəbəsi yaxınlığında, dünən yerli vaxtla saat 22:40-da Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus “Mirage 2000D” qırıcısı qəzaya uğrayıb.
Açıqlamada qeyd olunub ki, təyyarə Nansi-Oşey (Nancy-Ochey) aviabazasında (133 nömrəli aviabaza) yerləşən eskadrilyaya aid olub və qəza onun tapşırıqdan geri qayıtdığı zaman baş verib.
Məlumatda həmçinin bildirilir ki, təyyarədə iki nəfər – pilot və silah sistemləri üzrə zabit olub. Axtarış-xilasetmə əməliyyatları nəticəsində bir nəfərin cəsədi tapılıb; hazırda həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Bundan əlavə, nazirlik qəzanın səbəblərini araşdırmaq məqsədilə həm hüquqi, həm də təhlükəsizliklə bağlı təhqiqatlara başlanıldığını açıqlayıb.
Şayəstə





















