Fransanın sağçı Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilovun Rusiyanın Belarusu nüvə girovu kimi götürməsi ilə bağlı bəyanatını ələ salıb. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi fikirlərini Tviter səhifəsində bildirib.
O, Amerikanın nüvə silahlarının Avropada saxlandığına diqqət çəkib. “Deməli, yüz Amerika nüvə başlığının yerləşdirildiyi Belçika, Almaniya, İtaliya, Hollandiya ABŞ tərəfindən girov götürülüb, elə deyilmi?!” deyə Filippo yazıb.
Martın 25-də Rusiya prezidenti Vladimir Putin iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisinin başa çatacağını bəyan edib. Dövlət başçısı qeyd edib ki, Moskva və Minsk taktiki nüvə silahlarının strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında müqavilə üzrə öhdəlikləri pozmadan orada yerləşdirilməsinə razılaşıblar.
Bundan sonra Fransa Xarici İşlər Nazirliyi Rusiyanın qərarını pisləyib və Moskvanı bu razılaşmalardan imtina etməyə çağırıb. Parisin fikrincə, Belarusda nüvə silahının yerləşdirilməsi Avropada strateji sabitliyin aşınmasının əlavə elementidir.
Öz növbəsində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək planları fonunda Avropa ölkələrini Kiyevi daha çox silahla təmin etməyə çağırıb. O, həmçinin yeni anti-Rusiya sanksiyalarının tətbiqinin zəruriliyini qeyd edib.
Havar Şəfiyeva