Finlandiya ordusu Rusiya sərhədinə yaxın torpaq sahibləri ilə gizli müqavilələr bağlayır. Elchi.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” məlumat yayıb.
Materialda deyilir: “Son il yarım ərzində onlarla torpaq sahibi gizli torpaqdan istifadə müqavilələri imzalayıb ki, bu da onların ərazilərində möhkəmləndirmə işlərinə 24 saat öncədən xəbərdarlıq etməklə başlamağa imkan verir”.
Aydınlaşdırılır ki, müqavilə imzalandıqdan sonra torpaq sahibi 750 avro məbləğində birdəfəlik ödəniş alacaq. Müvafiq müqavilə Müdafiə Qüvvələrinə ərazidə müdafiə strukturları qurmağa və sonradan bu obyektlər üçün ayrıca icarə müqavilələri bağlamağa imkan verir. Müqavilə 20 il müddətinə qüvvədədir.
Müqavilədə deyilir ki, müdafiə qüvvələri tikintinin başlanmasından bir gün əvvəl ərazinin təcili tikinti üçün istifadə edilməsi barədə ərazinin sahibinə telefon, məktub və ya e-poçt vasitəsilə məlumat verəcəkdir.
Qeyd edək ki, əvvəllər Finlandiya Rusiyadan gələn avtomobillərə gecə-gündüz nəzarət tətbiq edirdi. O da qeyd olunur ki, müvafiq qərar qəbul edilənə qədər gömrük nəzarəti yalnız gündüz saatlarında həyata keçirilirdi.
Havar Şəfiyeva