Fazil Mustafa Əsəd Cahangirə cavab verdi
Dünən saytımızda tənqidçi Əsəd Cahangirin “Azərbaycan” jurnalı ilə bağlı səslənən tənqidlərə cavab yazısı yayımlanıb.
Yazıda deputat Fazil Mustafa ilə bağlı fikirlər yer alıb: “Fazil Mustafa məsələni az qala kriminal müstəviyə keçirib deyəndə ki, “Azərbaycan” jurnalını çıxarmaqda məqsəd dövlət büdcəsindən pul silməkdir, buna etiraz etməmək olmur. Çünki dövlət əmlakını mənimsəmək artıq ədəbiyyat məsələsi yox, cinayət tərkibli ittihamdır. Fazil bəyin adi oxucu yox, millət vəkili olması kimi ciddi məsələdir, sübut tələb edən işdir. Uzun illər professional siyasətlə məşğul olan bir adam kimi Fazil bəy təbiidir ki, bu məsələləri məndən (eləcə də, hər hansı yazıçıdan) daha yaxşı bilir”.
Fazil Mustafa 1937.az-a açıqlamasında Əsəd Cahangirin fikirlərinə münasibət bildirib: “Doğru deyib, ola bilər ki, bir az pul məsələsini tündləşdirmişəm. Ancaq bütün hallarda jurnalın cəlbediciliyi barədə düşünülməlidir. Çünki ədəbi proseslərə təsir göstərə bilməyən bir jurnalın mövcudluq səbəbinin başqa cür qiymətləndirilməsi mümkün deyil”.