“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını İsraillə Fələstin arasında gedən sülh danışıqlarına bənzədirəm”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib.
Politoloqun sözlərinə görə, vaxtilə dəfələrlə şahidi olurduq ki, İsrail-Fələstin arasında Fələstinin tanınması və sülh bağlanmasına az qalıb, amma hansısa bir əl bunu pozurdu və yenidən qarşıdurmalar başlayır, İsrail Şərqi Qəzzanı bombalayır, fələstinlilər də əllərində daşla İsrail əsgərlərini daşa basır, son vaxtlar isə raket atəşinə tuturdular:
“İsrail güclü tərəf kimi həmişə sülhdə maraqlı olsa da, Fələstin tərəfi kimlərinsə ağıl verməsi ilə danışıqları pozurdu.
Bu “kimləri” hesab etmək olar ki, çox da axtarmaq lazım deyil. Bunun İran olduğu məlumdur. Biz çox vaxt sülhə Rusiya, Qərb mane olur kimi fərziyyələr irəli sürsək də, İran həmişə kölgədə qalırdı. Əslində İranın Ermənistana təsir gücü digər ölkələrdən praktiki olaraq daha çoxdur.
Ermənistanın durumuna baxsaq, İran qədər ona dəstək olan, maddi və mənəvi baxımdan Ermənistan üçün güvən verən, ən əsası isə ona etibar edilə biləcəyi qarantiyası verə bilən ikinci ölkə yoxdur. Bu durumda Ermənistanın son anda danışıqlardan çəkiləcəyi böyük ehtimaldır. Rusiya üçün də, xüsusi ilə, Qərbin kuratorluğunda sülh bağlanması qeyri-mümkün olduğu üçün, hesab edirəm ki, Rusiya indiki zəif halında İran ordusunun qeyri-rəsmi də olsa, Zəngəzur dəhlizində yerləşməsinə mane olmayacaq. Rusiya ilə İran indi Suriyada da bu oyunu oynayırlar.
Böyük ehtimalla, İsrail müdafiə nazirinin Azərbaycana gəlişi də bununla bağlıdır”.
Yeganə