Ermənistanın yeni Konstitusiya layihəsində Əsas Qanuna dəyişikliklərin yalnız referendum yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.
Elchi.az xəbər verir ki, yeni Konstitusiyanın qəbulu üçün yaradılmış saytda hazırkı Əsas Qanunla təklif olunan layihə arasındakı fərqlərə dair ayrıca bölmə yerləşdirilib.
Həmin bölmədə xalqın Konstitusiya məsələləri ilə bağlı qərar qəbul etmək hüququna dair müddəalar da izah olunub.
İzahda bildirilir ki, yeni Konstitusiyaya əsasən, Əsas Qanuna yalnız referendum vasitəsilə dəyişiklik edilə bilər. Bu isə istənilən konstitusiya dəyişikliyi üçün xalqın birbaşa razılığının tələb olunması deməkdir.
Bu yanaşmanın məqsədi qüvvədə olan Konstitusiyanın sabitliyini təmin etmək və hər hansı siyasi çoxluğun ölkənin Əsas Qanununun məzmununu təkbaşına müəyyənləşdirməsinin qarşısını almaqdır. Konstitusiyaya dəyişiklik məsələsində son söz xalqa məxsus olacaq.
Vətəndaş təşəbbüsü əsasında qanun layihəsinin referenduma çıxarılması üçün 200 min imza toplamaq tələb olunacaq. İmzaların toplanmasına 120 gün vaxt ayrılacaq.
Qeyd olunur ki, bu şərtlər vətəndaşlara öz qanunvericilik təşəbbüsləri ilə çıxış etmək üçün real imkan yaratmağa hesablanıb. Daha uzun müddət təklif olunan qanunun məzmununu ictimaiyyətə təqdim etməyə, müzakirələr təşkil etməyə və lazımi imzaları toplamağa imkan verəcək.
İzahda referendum iştirakçılarının müzakirə olunan məsələ ilə tanış olması, müxtəlif mövqeləri dinləməsi və məlumatlı qərar qəbul etməsinin vacibliyi də vurğulanır.
Beləliklə, yeni Konstitusiya dövlət qərarlarının qəbulunda xalqın birbaşa iştirakına xüsusi əhəmiyyət verir. Sənədə əsasən, Əsas Qanuna dəyişiklik məsələsini xalq həll edəcək, vətəndaşların isə referendum vasitəsilə qanunların qəbulunda iştirak imkanları genişləndiriləcək.
Xatırladaq ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsini təqdim edib və bununla bağlı xalqa müraciət ünvanlayıb.



















