İrəvan Sürix protokolundan imtina edəcək
BMT-nin 69-cu sessiyasında çıxışı zamanı Ermənistan prezidenti Serj Sərkisyan ənənəsinə uyğun olaraq Türkiyəni erməni soyqırımında ittiham edib. O, vurğulayıb ki, 1915-ci ildə Osmanlı imperiyasında ermənilər kütləvi zoraklıqlarla üzləşib. Gələn il bütün bəşəriyyət erməni soyqırımının 100 illiyini qeyd edəcək.
“Bütün dünyaya səpələnmiş erməni xalqı və mütərəqqi bəşəriyyət gözləyir ki, Türkiyə özündə cəsarət tapacaq və Osmanlı imperiyasının erməni soyqırımını törətdiyini etiraf edəcək. Ermənistan heç vaxt bu soyqırımın tanınmasını qarşılıqlı münasibətlərin normallaşması üçün şərt kimi irəli sürməyib. Rəsmi İrəvanın təşəbbüsü ilə qarşılıqlı şəkildə münasibətlərin formalaşması üçün Sürix protokolu imzalanıb. Ancaq rəsmi Ankara protokolun ratifikasiyasını Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə əlaqələndirir. Belə tələblərə Ermənistanda və Qarabağda olan sadə ermənilərin cavabı belədir: “Cəhənnəm olun”. Bu, xalqın səsidir”.
Sərkisyan bir az da irəli gedərək rəsmi Ankaraya məsləhət görüb ki, belə alverlə bağlı İrəvandan kənar olsun. Ermənistan prezidenti onu da bildirib ki, onun ölkəsi Ermənistan-Türkiyə protokollarından imtina haqqında ciddi düşünür.