Ermənistandakı revanşistlər Brüsseldəki görüşdən öncə fəallaşaraq vəziyyəti gərginləşdirməyə çalışırdılar. Paşinyanın Əliyevlə görüşməsinin əleyhinə olan separatçılar baş naziri hədələyirdi ki, sülh sazişi bağlansa, qondarma rejim Rusiyaya birləşmək barədə qərar qəbul edəcək. Separatçılar hətta Qarabağın Rusiyaya, birləşdirilməsi üçün imza toplanmasına başlayacaqlarını da söyləmişdilər.
Məlumdur ki, dünənki Brüssel görüşündə sülh sazişi istiqamətində iş aparılması üçün razılaşmalar oldu. Maraqlıdır, belə olan təqdirdə Xankəndi Rusiyaya birləşmək haqqında qərar verə bilərmi?
Rusiya erməni separatçılara dəstək verir…
Mövzu barədə Elchi.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistandakı separatçılar bizi Rusiyaya birləşməklə şantaj edərək, eyni zamanda Moskvaya və İrəvana mesaj verirlər.
Dünən Brüsseldə ortaq bəyanat qəbul edildiyini xatırladan politoloq qeyd edib ki, bu bəyanat sülh sazişi deyil:
“Radikal müxalifət Paşinyana qarşı güclənib, Rusiya da prosesə mane olmağa çalışır və istəmir ki, Avropa İttifaqı vasitəçi olsun. Dünənki mitinq, Tovuz istiqamətində atəşkəsin pozulması, üstəgəl Ermənistan XİN başçısının aprelin 8-də Moskvaya çağırılması-bütün bunlar ondan xəbər verir ki, əslində Rusiya da bu təxribatların arxasında dayanıb separatçılara dəstək verir və Azərbaycan Ordusunun Qarabağda qayda-qanun yaratmasını istəmir. Hətta belə bir təhlükə də ola bilər ki, Rusiya Qarabağda ermənilərə pasport paylasın. Amma Kreml anlamalıdır ki, Ukraynada işğalçı müharibə apara-apara “dost” adlandırdığı Azərbaycana qarşı ikinci cəbhə açsalar, bu, Rusiyanın özünə ciddi problemlər yaradacaq. Ona görə erməni separatçılarının və rus hərbçilərinin təxribatlarını diqqətə alıb, fəaliyyətimizi bir az da artırmalıyıq. Fərrux kəndi yüksəkliyində əldə etdiyimiz uğurlu nəticəni davam etdirməliyik ki, separatçılar tərkisilah olunsun və Laçın dəhlizini nəzarətə götürək”.
Yeganə