Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenskiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinin zəruriliyini bildirib və ticarət gəmilərinə edilən hücumların yolverilməz olduğunu qeyd edib.
Elchi.az xəbər verir ki, Ərdoğan və Zelenski BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkdakı “Türk Evi”ndə görüşüblər.
Türkiyə Prezidentinin Administrasiyasının yaydığı bəyanatda deyilir: “Prezidentimiz Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinin zəruriliyini vurğulayıb, ticarət gəmilərinə hücumların yolverilməz olduğunu bildirib və tərəflərdən məsuliyyətli davranış gözlədiyimizi qeyd edib”.
Ərdoğan həmçinin Türkiyənin Rusiya-Ukrayna münaqişəsinə davamlı sülh yolu ilə son qoymaq istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bildirdi.
Bəyanatda qeyd olunub ki, Türkiyə prezidenti Ankaranın tərəflər arasında birbaşa danışıqların bərpası istiqamətində işini davam etdirəcəyini açıqlayıb.
2026-cı ildə Qara dənizdə bir neçə Türkiyə gəmisi Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qaldı. Baş verən bir sıra insidentlər nəticəsində Türkiyə vətəndaşları xəsarət aldı, bir nəfər isə həlak oldu. Ankara ticarət gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi çağırışı etdi və Ukraynanın səfirini Türkiyə Xarici İşlər Nazirliyinə çağırdı.
Yeganə





















