Almaniyada 40 müxtəlif düyü məhsulu üzərində aparılan laboratoriya sınaqları, bir çox pəhrizin əsasını təşkil edən düyü ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub. Analiz edilən məhsulların hamısında arsen aşkar edilib, yalnız dördü isə yaxşı qiymət ala bilib. Bundan əlavə, hətta üzvi (orqanik) sertifikatlı düyülər belə çirkləndiricilərdən tamamilə azad olmayıb. Sınaq siyahısına Türkiyədə də satılan bir brendin daxil edilməsi diqqəti yerli bazara yönəldib.
Elchi.az xəbər verir ki, Almaniyanın müstəqil istehlakçı araşdırma təşkilatı olan “Stiftung Warentest” tərəfindən dərc edilən tədqiqat, düyüdəki görünməz çirkləndiricilər məsələsini yenidən gündəmə gətirib. Laboratoriyada basmati, yasmin, qəhvəyi, girdə dənəli və emal olunmuş düyü növləri daxil olmaqla 40 məhsul analiz edilib. Onların hamısında arsen aşkar edildiyi halda, əksəriyyətində kadmium da müəyyən olunub. Yalnız dörd məhsul yaxşı qiymət alıb, səkkiz məhsul isə ən aşağı qiymətləndirmə kateqoriyasına düşüb. Tədqiqat həmçinin yeddi məhsulun ağır metallarla əhəmiyyətli dərəcədə çirkləndiyini vurğulayıb.
Hətta “üzvi” etiketi də qorunma təmin etməyib
Sınağın diqqətçəkən nəticələrindən biri üzvi məhsullarla bağlı olub. Yoxlanılan 40 düyü növündən 13-ü üzvi sertifikatlı idi. Lakin üzvi istehsal üsulları arsen və kadmium kimi çirkləndiricilərin mövcudluğunun qarşısını tamamilə ala bilməyib. Bunun səbəbi odur ki, ağır metallar yalnız pestisidlərdən qaynaqlanmır; torpaqda və suvarma suyunda təbii şəkildə mövcud olan arsen düyü bitkisinin kökləri tərəfindən mənimsənilərək dənəyə keçə bilər.
Əsl təhlükə uzunmüddətli istehlakdadır
Düyüdə aşkar edilən ümumi arsen miqdarından əlavə, onun kimyəvi forması da mühüm amildir. Xüsusilə qeyri-üzvi arsen, uzunmüddətli təsir nəticəsində xərçəng riskini artıra bilən maddə kimi müəyyən edilir. Avropa Qida Təhlükəsizliyi İdarəsi (EFSA) 2024-cü ildə dərc etdiyi qiymətləndirmədə vurğulayıb ki, qida vasitəsilə qeyri-üzvi arsenin qəbulu ictimai səhiyyə üçün narahatlıq doğurur. Kadmium isə orqanizmdə toplana və uzun müddət yüksək səviyyədə məruz qalma nəticəsində böyrəklərə və sümüklərə mənfi təsir göstərə bilər.
Şayəstə





















