Bakıda keçirilən cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi baş tutub.
Elchi.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və digər rəsmilər, həmçinin media nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan cüdoçularına həsr olunan sənədli film təqdim olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev ölkə başçısını və qonaqları salamlayıb:
“Bugün bu arzuların reallaşdığını görmək sonsuz qürurdur. Ölkəmizdə idmana, xüsusilə cüdonun inkişafına göstərilən ali diqqət və qayğı bütün bu nailiyyətlərin əsas təməlidir. Azərbaycan bu gün böyük dünya miqyaslı yarışlara ev sahibliyi edən, öz qonaqpərvərliyi və təşkilatçılıq qabiliyyəti ilə tanınan mükəmməl bir idman mərkəzinə çevrilmişdir. Dünya Çempionatının ikinci dəfə Bakıya həvalə olunmasına görə Beynəlxalq Cüdo Federasiyasına, şəxsən cənab Marius Vizere dərin təşəkkürümüzü bildiririk. Bizim əsas məqsədimiz cüdo zalına gələn hər bir uşaqda təkçə gələcəyin çempionunu deyil, ilk növbədə cəmiyyətimiz üçün layiqli vətəndaş yetişdirməkdir. Əziz idmançılar və məşqçilər, önümüzdəki günlərdə siz yalnız çempionluq uğrunda deyil, həm də cüdonun aliliyini, nəcibliyini nümayiş etdirmək üçün mübarizə aparacaqsınız. Hər birinizə ədalətli yarış, yüksək idman ruhu və Bakıda unudulmaz anlar arzulayıram. Azərbaycana xoş gəlmisiniz!”
Ardınca Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək dövlət başçısını, rəsmi qonaqları və idman ailəsini salamlayıb:
“Azərbaycan enerjinin, yeni texnologiyaların, islahatların, idmanın və mədəniyyətin ölkəsidir. Cüdo idmanına və Dünya Çempionatına göstərdiyi davamlı dəstəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm. Son illərdə qazanılan böyük nailiyyətlərə və belə möhtəşəm tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Cüdo Federasiyasını və Milli Olimpiya Komitəsini təbrik edirəm. Arzu edirəm ki, cüdo bütün dünyada birlik, dostluq və sülhün rəmzinə çevrilsin”.
Marius Vizer çıxışının sonunda Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatını açıq elan edib.
Daha sonra təntənəli açılış mərasimi baş tutub.
Xatırladaq ki, açılış tədbirindən sonra günün qaliblərini müəyyənləşdirəcək final bloku isə 18:00-da keçiriləcək. Dünya çempionatı 11 oktyabrda başa çatacaq.





















