Daxili İşlər Nazirliyi (DİN) Şəkidə çoxlu sayda insanın yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də saat 00.30-da Şəki şəhərinin Biləcik kəndində şəhər sakini İlham Ramazanov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırıb. Nəticədə sürücü və 20 sərnişini xəstəxanaya yerləşdiriliblər.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, avtomobil qarşısına qəflətən çıxmış atı vurması nəticəsində aşıb.
Mikroavtobusdakı sərnişinlər Balakən rayonunda keçirilmiş toydan sonra evlərinə qayıdırmış.
Faktla bağlı araşdırma aparılır.