Deputatdan çağırış: Lerikdə yüzillik torpaq və evlərin çıxarışı verilmir

"Lerikin 17 kəndində yüz ildən çoxdur əhali tərəfindən istifadə olunan torpaqlarda insanlar ev tikə və çıxarış ala bilmirlər. Bu torpaqların ümumi sahəsi 477 hektar təşkil edir. Problem ondan ibarətdir ki, bu ərazilər rəsmi olaraq Dövlət Meşə Fondu torpaqları kimi sənədləşdirilib".
Elchi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vasif Qafarov səsləndirib.
O bildirib ki, Lerik rayonunda ümumilikdə 727 hektar torpaq sahəsi uzun müddətdir əhalinin istifadəsində olsa da, əvvəllər meşə fondu torpağı kimi qeydiyyata alındığı üçün insanlar nə ev tikə bilir, nə də köhnə evlərinə çıxarış ala bilirlər:
“Təsəvvür edin, vətəndaş babası tərəfindən tikilmiş evi söküb yerində yenisini inşa etmək istəyir. Ancaq ona deyirlər ki, bu torpaq meşə fondu ərazisidir, tikinti qadağandır".
Deputat əlavə edib ki, Nazirlər Kabinetinin 2005-ci ildə verdiyi müvafiq tapşırığa baxmayaraq, məsələ bu günədək həll olunmayıb. Hətta bəzi sahələr Dövlət Aktları ilə vətəndaşlara pay torpağı kimi verilsə də, onlar da meşə fondu kimi geri istənilir.
O, məsələnin həlli üçün təklif edib ki, bu torpaqlar əvəzləşmə yolu ilə başqa sahələrlə dəyişdirilərək, vətəndaşların xüsusi mülkiyyətinə verilsin.