İspaniyanın hakim koalisiyasından olan deputatlar Seutadakı miqrasiya böhranı səbəbindən hökumətə müraciət edərək 2030-cu il futbol üzrə dünya çempionatının Mərakeşlə birgə keçirilməsindən imtina etməyə çağırıblar.
Elchi.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Gözlənilir ki, DÇ-2030-un oyunları altı ölkədə baş tutacaq: start matçları Uruqvay, Paraqvay və Argentinada keçiriləcək, əsas mərhələyə isə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.
Agentliyin dəqiqləşdirdiyinə görə, təşəbbüs Deputatlar Konqresində (parlamentin aşağı palatası) İspaniya Sosialist İşçi Partiyası ilə hakim koalisiyanı formalaşdıran “Sumar” parlament qrupundan gəlib. Deputatlar hökuməti Beynəlxalq Futbol Federasiyasını (FİFA), Kral İspaniya Futbol Federasiyasını və Portuqaliya hökumətini 2030-cu il dünya çempionatının birgə təşkili modelinə yenidən baxılması və qiymətləndirilməsinin zəruriliyi barədə xəbərdar etməyə çağırıblar. Bundan əlavə, onlar Seuta sərhədində baş verən hadisələrin turnirlə bağlı insan hüquqları öhdəliklərinə təsirinin qiymətləndirilməsini istəyirlər.
Agentlik qeyd edir ki, analoji təşəbbüslə daha əvvəl Portuqaliya deputatları da çıxış edərək 2030-cu ildə keçiriləcək dünya çempionatında Mərakeşin təşkilatçı kimi iştirakına qarşı olduqlarını bildiriblər.
Məryəm





















