Çinin yerli istehsal olan sərnişin təyyarəsi “C919” Şanxay və Pekin arasında ilk sərnişin uçuşunu həyata keçirib.
Elchi.az xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, 128 sərnişini olan China Eastern Airlines şirkətinə aid “C919” tipli təyyarə səhər saatlarında Şanxay Hongçiao hava limanından havaya qalxaraq 2 saatlıq uçuşdan sonra Pekin Paytaxt Beynəlxalq Hava Limanına çatıb.
“MU 9191” reysi Çinin yerli istehsalı olan C919 orta məsafəli sərnişin təyyarəsinin ilk kommersiya uçuşu idi.
Dövlətə məxsus Çin Kommersiya Təyyarə Şirkəti tərəfindən hazırlanmış tək keçidli dar gövdəli təyyarə “Boeing 737” və “Airbus 320” model sərnişin təyyarələrinin ekvivalenti kimi dizayn edilib.
Dünyanın mülki aviasiya sektorunda ən çox istifadə edilən təyyarə növü olan orta məsafəli sərnişin təyyarələrinin istifadəyə verilməsi ilə Çinin Amerika Boeing və Avropa Airbus şirkətlərinin hakim olduğu qlobal sərnişin təyyarələri bazarında pay sahibi ola biləcəyi təxmin edilir.
2008-ci ildə Çin Kommersiya Təyyarə Şirkəti tərəfindən hazırlanmağa başlayan “C919”, ölkənin xarici mənbələrdən asılılığını azaltmağı hədəfləsə də, reaktiv mühərrik və idarəetmə proqramı kimi kritik komponentlər “General Electric” kimi ABŞ şirkətləri tərəfindən istehsal edildiyi üçün tamamilə yerli deyil.
Nuranə Məmmədova