Bir aydan artıqdır ki, ictimai mühitdən yoxa çıxan Çinin müdafiə naziri Li Şanfu tutduğu vəzifədən uzaqlaşdırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasında canlı məlumat verilib.
Çin televiziyasının Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin iclasından sonra yayımlanan reportajda Li Şanfunun Çin Xalq Respublikasının müdafiə naziri və Dövlət Şurasının üzvü vəzifəsindən uzaqlaşdırıldığı bildirilib. Bundan əlavə, 2023-cü ilin iyulunda vəzifəsindən azad edilən ölkənin keçmiş xarici işlər naziri Qin Qang da Dövlət Şurasının üzvü vəzifəsini itirib.
Əvvəllər “The Washington Post” Li Şanfunun korrupsiyada şübhəli bilinərək istintaq altında olduğunu bildirib.
İstintaq onun Çin Xalq Respublikası Müdafiə Nazirliyinin hərbi təchizat idarəsinin rəisi vəzifəsində çalışdığı dövrdəki fəaliyyətinə aiddir.
Havar Şəfiyeva