Çin İrandan Qırmızı dənizdə hücumların qarşısını almaq üçün Yəmən husilərinə təzyiq göstərməsini istəyib. Elchi.az xəbər verir ki, Reuters bu barədə anonim İran mənbələrinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Çin rəsmiləri iranlı həmkarlarından İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının qarşısını almaq üçün kömək istəyiblər. Hadisələrin Çindən gələn gəmiçilik marşrutlarına təsir etdiyi qeyd edilir.
“Çin mahiyyət etibarı ilə deyir ki, “Bizim maraqlarımıza hər hansı bir şəkildə zərər vurularsa, Tehranla işimizə toxunulacaq. Odur ki, husilərə təmkin göstərmələrini söyləyin”, – anonim İran rəsmisi jurnalistlərə deyib.
İran mənbələri qeyd edir ki, Çin Qırmızı dəniz hücumlarının Pekinin İranla münasibətlərinə təsiri ilə bağlı hələlik konkret şərh verməyib. Çin Xarici İşlər Nazirliyi ölkənin Yaxın Şərqdə regional təhlükəsizlik və sabitliyin təşviqinə səmimi sadiq olduğunu bildirib.
Husilərin Ənsar Allah qrupunun lideri Əbdülməlik əl-Husi daha əvvəl Qırmızı dənizdə hücumların dayandırılması üçün şərtləri açıqlamışdı. Onun sözlərinə görə, hərəkat Qəzza zolağına humanitar yardım çatana qədər hücumları dayandırmayacaq.
Havar Şəfiyeva