Avqust ayında “OpenAI” şirkətinin “ChatGPT” tətbiqi və “Roblox” oyun platforması Avropa İttifaqında (Aİ) “çox böyük onlayn platforma” statusu alacaq və kontentin moderasiyası üzrə ən sərt qaydalara tabe olacaq.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bu tədbir hər iki şirkətin Aİ ölkələrindən olan aylıq istifadəçi sayında 45 milyonluq həddi keçməsi səbəbindən qüvvəyə minəcək. Bundan sonra Rəqəmsal Xidmətlər Haqqında Qanuna (DSA) uyğun olaraq onlara xüsusi “VLOP” statusu şamil edilməyə başlayır, lakin bu statusun verilməsi haqqında qərarı Avropa Komissiyası qəbul etməlidir.
Rəqəmsal Xidmətlər Haqqında Qanun bütün sosial şəbəkələrdən və axtarış sistemlərindən qanunsuz və zərərli məzmunun yayılmasının qarşısını almağı tələb edir.
Siyahısına artıq “Meta Platforms” və İlon Maskın “X” sosial şəbəkəsinin daxil olduğu “VLOP” statuslu platformalar üçün əlavə öhdəliklər nəzərdə tutulur: onlar şəffaflıq hesabatları təqdim etməli, risklərin azaldılması üzrə planlar göstərməli və hər il Avropa Komissiyasına rüsum ödəməlidirlər. Bu qaydaların pozulmasına görə şirkətləri dünya üzrə illik dövriyyələrinin 6%-dək həcmində cərimə gözləyir.
Məryəm





















