Çexiya hökuməti uşaqların təhsil müəssisələrində mobil telefonlar və digər elektron qadcetlərdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə “ČTK” informasiya agentliyi məlumat verib.
Uşaqlar tərəfindən mobil telefonların, planşetlərin və noutbukların istifadəsinə qoyulan qadağa uşaq bağçalarına, ümumtəhsil məktəblərinə, gimnaziyaların ibtidai siniflərinə və musiqi məktəblərinə şamil olunacaq. Qanun layihəsinə əsasən, bu cihazlardan dərslər zamanı, tənəffüslərdə və məktəb yeməkxanalarında istifadə etmək mümkün olmayacaq. Məhdudiyyət uzadılmış gün qruplarına və məktəbdənkənar dərnəklərə də aiddir.
Qaydalardan istisnalar tibbi göstərişlərə görə cihazlara ehtiyacı olan uşaqlara, məsələn, diabet zamanı şəkərin səviyyəsinə fasiləsiz nəzarət etmək üçün aid ediləcək. Bundan əlavə, uşaq təhsil müəssisələri tədris məqsədilə, eləcə də ekskursiyalar zamanı mobil telefon və ya planşetlərdən istifadəyə icazə verə biləcəklər.
Qanun layihəsi təsdiq olunmaq üçün parlamentə göndərilib. Onun 2027-ci il sentyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir.
Məryəm





















