Cənubi Koreya Parlamenti 2026-cı ilin mart ayından etibarən tələbələrin sinif otaqlarında mobil telefon və rəqəmsal cihazlardan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib. Bu addım gənclər arasında sosial media asılılığı ilə bağlı artan narahatlıqlar fonunda baş verib.
Elchi.az xəbər verir ki, ümummilli araşdırmalara görə, orta və lisey şagirdlərinin 37 faizi sosial medianın gündəlik həyatlarına təsir etdiyini, 22 faizi isə hesablarına daxil ola bilməyəndə narahatlıq keçirdiklərini deyir.
Müxalifət Xalq Gücü Partiyasının millət vəkili Ço Jung-hun qanun layihəsini müdafiə edərək, “Uşaqlarımızın sosial media aludəliyi ciddi səviyyədədir. Hər səhər gözləri qan içində, səhərə qədər İnstaqramda qalırlar” dedi.
Dünyada məhdudiyyətlərin artması
Cənubi Koreya bu addımla rəqəmsal məhdudiyyətləri artıran ölkələr sırasına qoşulub.
Avstraliya bu yaxınlarda yeniyetmələr üçün sosial media qadağasını genişləndirdi.
Hollandiyada nəşr olunan bir araşdırma göstərdi ki, cib telefonu qadağası tələbələrin dərsə diqqətini artırır. Dünyanın ən bağlı ölkəsi
ABŞ-da yerləşən Pew Araşdırma Mərkəzinin məlumatına görə, Cənubi Koreya 99 faiz internetə nüfuzetmə dərəcəsi və 98 faiz smartfon sahibliyi ilə dünyanın ən rəqəmsal əlaqəyə malik cəmiyyətlərindən biridir.
Nəticədə gənclər arasında həddindən artıq istifadə hökumət üçün prioritet məsələyə çevrilib.
Yeni qanun cihazların əlilliyi olan tələbələr üçün və ya təhsil məqsədləri üçün istifadəsinə icazə verir. Lakin bəzi gənclər təşkilatları bu qadağanın uşaqların insan hüquqlarını poza biləcəyini əsas gətirərək qərara qarşı çıxırlar.
2026-cı ilin martında qüvvəyə minən qanunla Cənubi Koreya məktəblərdə smartfon istifadəsinə məhdudiyyətlər qoyan ölkələr sırasında yer alacaq.
Şayəstə Hüseynova
















