Yeni Zelandiyanın yaxın gələcəkdə daha şiddətli istilik dalğaları və buzlaqların əriməsi problemi ilə üzləşə biləcəyi bildirilir.
Elchi.az xəbər verir ki, Yeni Zelandiyada dərc olunan əhatəli iqlim hesabatı göstərir ki, istixana qazlarının səviyyəsinin rekord həddə çatması səbəbindən ölkə tezliklə daha tez-tez baş verən və daha şiddətli istilik dalğaları, həmçinin buzlaqların fəlakətli şəkildə əriməsi ilə qarşılaşa bilər.
Bu gün yayımlanan “Bizim Atmosfer və İqlim 2026” (Our Atmosphere and Climate 2026) adlı hesabatda qeyd olunur ki, Yeni Zelandiya ətraf mühitə, yerli növlərə və icmalara genişmiqyaslı təsir göstərəcək artan iqlim təzyiqləri ilə üz-üzədir.
Hesabata əsasən, müşahidələrin aparılmağa başlandığı 1909-cu ildən bəri Yeni Zelandiyada orta illik temperatur 1,36 dərəcə Selsi artıb və qeydə alınan ən isti on ildən yeddisi məhz son onilliyə təsadüf edib.
Bildirilir ki, yüksələn temperaturlar ölkədəki təxminən 3000 buzlağın həcminin sürətlə azalmasına səbəb olur; belə ki, buzlaqların həcmi 1997-ci ildəki 56 kubkilometrdən 2023-cü ildə 30 kubkilometrədək azalıb.
Temperaturun yüksəlməsi; okeanların istiləşməsi, dəniz səviyyəsinin qalxması, yağıntı rejimlərinin dəyişməsi və daha şiddətli ekstremal hava hadisələrinin baş verməsi kimi proseslərin əsas səbəbi kimi göstərilib.
Şayəstə





















