Bu gün maqnit qasırğası gözlənilir

140

Bu gün maqnit qasırğası gözlənilir.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, 4-6 may tarixlərində Günəşin səthində bir sıra oblastlarda davamlı olaraq M-sinif alışmalar baş verib.

Bu səbəbdən geomaqnit sahə mayın 8-də G2 (orta) maqnit qasırğa səviyyəsində (gündüz saat 10.00-dək), mayın 9-da G1 (mülayim) və daha zəif, mayın 10-da isə aktiv səviyyədə olacaq. 04-05 may tarixlərində yaranmış tac dəliklərindən yüksək sürətli plazma zərrəcikləri selinin Yerdən keçməsi geomaqnit şəraitin həyəcanlaşmasını bir qədər də gücləndirib.

LASCO (Large Angle and Spectrometric Coronagraph – Geniş bucaqlı və spektrometrik koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönəlmiş hər hansı tac kütlə atılması (CME -Coronal Mass Ejection) müşahidə olunmayıb.

Mayın 8-də Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 3-5, mayın 9-10-da 2-4 intervalında dəyişəcək.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.