Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Aİ ölkələrini Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməməyə çağırıb.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə “Deutsche Welle”-nin rus xidməti yazır.
“Mən Aİ-nin bütün üzv dövlətlərinə mesaj göndərdim və orada həmin mərasimdə iştirak etməməyi düzgün hesab etdiyimi bildirdim. Hesab edirəm ki, üzv ölkələrin əksəriyyətinin nümayəndələri andiçmə mərasiminə getməyəcəklər. Bundan əlavə, Putin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təqsirli bilinən şəxsdir”, – DEYƏ Borrel mayın 7-də deyib.
Avropa diplomatiyasının rəhbəri həmçinin qeyd edib:
“Ancaq mənim üçün mövqe aydın idi. Ukraynalılar və dünyanın bir çox insanı üçün Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Ukraynadakı müharibəyə görə məsuliyyət daşıyan, seçkisinə etiraz etdiyimiz Putinin andiçmə mərasimində niyə iştirak etdiyimizi anlamaq çox çətin olacaq. Bu, açıq-aşkar ziddiyyət olardı”, – Borrel izah etdi.
Eyni zamanda, Borrel qeyd edib ki, bu ölkələrin hər biri tam suveren dövlətdir və mərasimdə iştirak edib-etməmək barədə özləri qərar vermək hüququna malikdir.
Xatırladaq ki, bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinin 5-ci andiçmə mərasimi keçirilib. O, daha 6 il, 2030-cu ilə qədər prezident postunu tutacaq.
Yeganə