Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəs üçün elan etdiyi sülh planını alqışladığını bildirib.
Elchi.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Trampın təqdim etdiyi sülh planı ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda deyilir: “Baş katib dünən ABŞ prezidenti Trampın Qəzza zolağında və bölgədə atəşkəs və davamlı sülh əldə etməyi hədəfləyən bəyanatını alqışlayır. O, həmçinin ərəb və müsəlman dövlətlərinin bu məqsədə çatmaqda oynadığı mühüm rolu yüksək qiymətləndirir”.
Bəyanatda vurğulanır ki, bütün tərəflərin razılığa və onun yerinə yetirilməsinə dair öhdəlik götürməsi həyati əhəmiyyət kəsb edir və prioritet məsələ bu münaqişənin yaratdığı böyük iztirabları yüngülləşdirmək olmalıdır.
Baş katib Qəzzada dərhal və davamlı atəşkəsə, bütün Qəzzəyə məhdudiyyətsiz humanitar çıxışa və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışını təkrarlayır və ümid edir ki, bu, iki dövlətli həllin reallaşması üçün əlverişli şərait yaradacaq.
Ağ Ev ABŞ prezidenti Trampın “Qəzza münaqişəsinə son qoymaq üçün hərtərəfli plan” adlı 20 bəndlik təklifini açıqlayıb.
Tramp Ağ Evdə qəbul etdiyi İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib ki, plan hər iki tərəf tərəfindən qəbul olunarsa, “müharibə” dərhal sona çatacaq, İsrail tədricən Qəzzadan çəkiləcək, Qəzzada HƏMAS-ın rolu olmayan yeni proses başlayacaq və bütün məhbuslar azad ediləcək.
Netanyahu da planı dəstəkləyərək, onun “müharibə məqsədlərinə çatdığını” bildirib.
Nuranə Məmmədova





















